“Yaddaş körpüsü” FOTOLAR

Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş "Yaddaş körpüsü" adlı tədbir-sərgi təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Veteran Əlikişi Cumşudov, Mərkəzi Zabitlər Evinin muzeyinin rəisi Zəminə Xınalı, neftçi, Əmək Veteranı Sədrəddin Vəliyev, Veteranlar Şurasının üzvləri, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.

Tədbirdə muzeyin direktoru Fəridə Şəms çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı"na əsasən keçirilən bu sərginin böyük əhəmiyyəti var: "İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. O illərdə Azərbaycan xalqı həm ön cəbhədə, həm də arxa cəbhədə böyük qəhrəmanlıq göstərib. 1941-1945-ci illərdə 700 mindən çox azərbaycanlı oğul və qızları Qafqazdan Berlinə qədər mübariz yol keçiblər. Onlardan 123-ü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, bir çoxu orden və medallarla təltif olunub. Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti əsas amillərdən biri olub".

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyində təşkil olunmuş sərgidə muzeyin fondunda saxlanılan plakat kolleksiyası və 1941-1945-ci illər müharibəsini əks etdirən müxtəlif əşyalar nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə