Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə lentə alınan Asif Rüstəmovun "Axınla aşağı" tammetrajlı bədii filmi Amerika Birləşmiş Ştatlarında keçirələcək iki beynəlxalq festivala dəvət alıb. Kinostudiyadan SİA-ya verilən məlumata görə, 10-19 aprel tarixlərində Hyustonda keçirələcək məşhur Worldfest-Houston International Film Festival çərçivəsində filmin Amerika təqdimatı baş tutacaq. "Axınla aşağı" festivalın əsas proqramında yer alıb. Film həmçinin 30 aprel – 7 may tarixlərində Los Angelesdə keçirələcək SEEfest Film Festivalında nümayiş etdiriləcək. Festival Amerika kinoakademiyasının xüsusi dəstəyi ilə keçirilir və seçilmiş Avropa filmlərinin ABŞ-da tanınmasında böyük rol oynayır.
Qeyd edək ki, filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar. Qeyd edək ki, filmin dünya premyerası 1263 kino mütəxəssisinin - ümumilikdə 12 min 433 akkreditasiya olunmuş ziyarətçinin qatıldığı nüfuzlu Karlovy Vary Beynəlxalq Film Festivalı (Çexiya) çərçivəsində "East of the West" müsabiqə proqramında gerçəkləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB