Özbəkistan Milli Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında hazırlanmış konsert-tamaşa təqdim olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları da iştirak ediblər.
Konsert-tamaşa Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanmış, bədii rəhbər və dirijor Özbəkistanın Əməkdar İncəsənət Xadimi, professor Firuza Abdurahmanova olub.
Tədbirin açılışında çıxış edən Özbəkistandakı Azərbaycan Səfirliyinin birinci katibi, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan teatrlarının bu təşəbbüsünü yüksək qiymətləndirdiyini, Azərbaycan mədəniyyətinə Özbəkistanda böyük maraq olduğunu qeyd edib.
O, iki ölkə arasında mədəni əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnun olduğunu və gələcəkdə də bu cür layihələrə dəstək veriləcəyini bildirib. Daha sonra "Arşın mal alan" tamaşasından musiqi nömrələrini beynəlxalq müsabiqələr laureatı Özbəkistanın "Qolden Trophu" Ansamblı və "Soqdiana" Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri ifa ediblər. Konsert-tamaşada operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa olunub. Konsert-tamaşada Əskərin və Gülçöhrənin ariyalarını Beynəlxalq müsabiqələr laureatları Rüstəm Alimardanov və Masuma Boltabaeva oxuyub.
İfa tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.
Qeyd edək ki, "Arşın mal alan" tamaşası Özbəkistanda çox populyardır. Üzeyir Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib. Əsər paytaxt Daşkənddəki Opera Teatrında dəfələrlə tamaşaya qoyulub.
"Arşın mal alan" filmi Özbəkistan Dövlət Televiziyası tərəfindən Özbək dilinə dubliyaj olunaraq televiziya kanallarında tez-tez nümayiş olunur.
Tədbirin sonunda çıxış edən konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın Əməkdar İncəsənət Xadimi, professor Firuza Abdurahmanova tamaşaçılara, habelə Azərbaycan Səfirliyinə və Mədəniyyət Mərkəzinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB