Nazir Bakı Xoreoqrafiya Akademiyasının kollektivi ilə görüşüb FOTO

Nazir Bakı Xoreoqrafiya Akademiyasının kollektivi ilə görüşüb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 aprel 2014-cü il tarixdə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılması haqqında sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, sənədə əsasən, yeni tədris ocağı ölkəmizdə xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsinə, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasına töhfə verməlidir. Dövlət başçısının 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilib.

Yanvarın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Xoreoqrafiya Akademiyasının kollektivi ilə görüşüb və yeni təyin edilmiş rektoru kollektivə təqdim edib.

Nazir bildirib ki, 2014-cü il Azərbaycan xoreoqrafiya sənətində çalışanlar və bu sahədə təhsil alanlar üçün yaddaqalan bir il oldu. Prezident İlham Əliyevin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi olaraq Bakı Xoreoqrafiya Akademiyası yaradılıb. Bu hadisə xoreoqrafiya sənəti tariximizdə yeni bir mərhələ və gələcəkdə görüləcək böyük işlərin başlanğıcı olacaq.

Son illərdə bu sahədə əldə edilən uğurlardan danışan nazir, xoreoqrafiya ənənələrinin qorunaraq inkişaf etdirilməsində göstərdiyi gərgin əməyə görə tədris ocağının kollektivinə təşəkkürünü bildirib. Bakı Xoreoqrafiya Akademiyasının bundan sonra da öz məzunları ilə ölkəmizi beynəlxalq səviyyədə tanıdacağına əminliyini vurğulayan Əbülfəs Qarayev yeni müəssisənin müasir tələblərə uyğun fəaliyyət göstərəcəyini, fasiləsiz davamlı təhsilə təkan verəcəyini qeyd etdi.

Diqqətə çatdırılıb ki, Cənubi Qafqaz regionunda yeganə Xoreoqrafiya Akademiyası olan tədris ocağının yeni binasının layihəsi tanınmış avstriyalı memar Frans Yants tərəfindən hazırlanacaq. Nazir Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin Əfəndiyevə və kollektivə gələcək işlərində uğurlar arzuladı.

Bütün xəbərlər Facebook səhifəmizdə