Osman Gündüz: "Nazirlik sərt addım atmalıdır" AÇIQLAMA

Osman Gündüz: "Nazirlik sərt addım atmalıdır" AÇIQLAMA

"Mobil tariflər və internetin qiymətinin endirilməsi ilə bağlı müzakirələr gedir. Bir neçə dəfə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bu məsələ barəsində müzakirələr olub". Bu barədə SİA-ya "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat verib. Bildirib ki, qiymətlərin baha olması ilə bağlı səbəblər araşdırılır: "Hələlik bu məsələ öz həllini tapmayıb. Araşdırmalar göstərir ki, müxtəlif kompaniyalar çərçivəsində hər üç operatorda müəyyən qiymət endirimləri olsa da, hansısa sərfəli paket tapmaq mümkün olur. Ancaq bütövlükdə ölkəmizdə internet, rouminq, danışıq bahadır. Başqa ölkələrlə müqayisədə bizdə bu problemli məsələdir. Düşünürəm ki, tənzimləyici qurum belə halları gözləməlidir. Təəssüf ki, ölkəmizdə tənzimləyici qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində olan bir şöbədir. Yəni nazirlik özü bir dövlət qurumu olaraq tənzimləyir. Burada da müəyyən problemlər var. Əslində bu tənzimləyici qurum müstəqil olmalıdır. Onun daha yaxşı mexanizmləri olur. Hesab edirəm ki, nazirlik bu məsələni sərtləşdirməlidir. Lisenziyalaşdırma ilə bağlı şərtlər yada salınmalıdır. Digəri isə mobil operatorların xərclərinə baxılmalıdır. Bəzən operatorlar antinaların yerləşdirilməsi ilə bağlı xərclərin çoxluğundan şikayət edir. Hesab edirəm ki, bu istiqamətdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərt addım atmalıdır. Nazir bir neçə dəfə bununla bağlı çıxış edib, ancaq nəticəsi yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə