Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşların iştirakı ilə "Mədəniyyətimizin inkişafında gənclərimizin rolu" adlı dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə respublikamızın 60-dan çox şəhər və rayonunu təmsil edən 100-ə yaxın nəfərə yaxın gənc mədəniyyət işçisi iştirak edib.
Rayon mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşların fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edən təkliflərin müzakirəsinə, müəssisələr tərəfindən görülən işlərin təbliğinə və fəaliyyətin effektivliyinin artırılmasında respublikamızın elmi potensialından geniş istifadəsinə həsr olunmuş dəyirmi masada Nazirliyinin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev və həmin şöbənin məsləhətçisi Cavid Əliyev iştirak edib. Tədbirin aparıcısı Asif Usubəliyev respublikamızda reallaşan mədəniyyət siyasətinin qarşısında duran əsas hədəflər, ölkə rəhbərliyinin mədəniyyət sahəsinə göstərilən qayğı sayəsində əldə olunan uğurlar, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və lazımi imicinin formalaşdırılmasında mədəniyyət amilinin artan əhəmiyyəti barəsində iştirakçılara geniş məlumatlar verib.
Dəyirmi masa zamanı əməkdaşların fəal iştirakı ilə gənc əməkdaşların potensialından səmərəli istifadə yolları, respublikamızda keçirilən beynəlxalq tədbirlərin təşkili zamanı qüvvələrin səfərbər olunması, sahənin inkişafına xidmət edəcək kreativ təkliflərin müəyyənləşdirilməsi, gənc əməkdaşlara dair Nazirlik tərəfindən ayrılan diqqətin artırılması, müəssisələr və rayonlar arasında daha effektiv koordinasiya işlərinin aparılması, sosial şəbəkələrdə mədəniyyətimizin təbliği ilə əlaqədar fəaliyyətin daha aktivləşdirilməsi və digər bu kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb.
İstedadlı gənclərə qayğının göstərilməsi və onların potensialından dövlətin müxtəlif sahələrində geniş istifadə olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğu üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi sözügedən istiqamətdə məqsədyönlü işlərin görülməsini planlaşdırır və bu işdə gənclərin fəal iştirakını gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB