Brüsseldə növbəti iclas

Belçika Krallığının Brüssel şəhərində Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Proqramının 4-cü Platformasının (insanlararası əlaqələr) 11-ci iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Şərq Tərəfdaşlığı ölkələri - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Avropa İttifaqı üzv dövlətlərinin (Çexiya, Finlandiya, Fransa, İsveç, Latviya, Litva, Niderland, Polşa, Rumıniya) rəsmi nümayəndə heyətləri, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarəedici Komitəsinin üzvləri (Belarus, Polşa, Ukrayna) və təmsilçiləri, Avropa İttifaqı Şurasının, Avropa Şurasının, YUNESKO-nun rəsmiləri, Avropa Komissiyası Şərq Tərəfdaşlığı Proqramının 4-cü Platformasının rəhbərliyi və məsulları, müstəqil ekspertlər iştirak edirdi.

Tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Elmlər Akademiyasının əməkdaşlarından ibarət geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub.

İclas zamanı Şərq Tərəfdaşlığının tərəqqisi və növbəti mərhələləri müzakirə edildi, Avropa İttifaqının tədqiqat və innovasiyalar, elm, təhsil və mədəniyyət sahəsində həyata keçirilən yeni layihə və proqramların təqdimatı keçirilib.

İclasda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova Azərbaycan Respublikasının Avropa İttifaqı ilə mədəniyyət sahəsində əməkdaşlıq perspektivlərindən danışıb, iyul ayında Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində Mədəniyyət Proqramı çərçivəsində Azərbaycanda keçiriləcək mübadilə seminarı haqqında məlumat verib.

Mədəniyyət və Turizm Nazirliyinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın təqdimatını keçirərək Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində belə təşəbbüslərin irəli sürülməsinin vacibliyini diqqətə çatdırdı, o cümlədən Avropa İttifaqının Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrinin inkişafını "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın əsasında davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə