II Mədəniyyətlərarası festival başa çatdı

II Mədəniyyətlərarası festival başa çatdı

Mayın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Pedaqoji fakültənin 220B qrup tələbələri Nigar Mədətli və Aysel Cavadovanın təşkilatçılığı ilə II Mədəniyyətlərarası festival keçirilib.

SİA-nın məlumatına görə, festivalda universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Zeynəb Kazımova, rektorun müşaviri Vazeh Əsgərov, Dillər Universitetində müəllim kimi fəaliyyət göstərmiş müğənni Elxan Şirinov və müəllim-tələbə heyəti iştirak edib.

Festivalda Azərbaycan, Türkiyə, İspaniya, İtaliya, Almaniya, Koreya və Gürcüstan mədəniyyəti, mətbəxi, musiqisi, musiqi alətləri, milli geyim üslubları haqqında məlumatın əks olunduğu videoçarx nümayiş olunub.

Azərbaycan mədəniyyəti haqqında məlumat verilərkən Hüseyn Seyidzadənin rejissoru olduğu "Qaynana" filmindən parça nümayiş olundu və "Gəl ey, səhər" mahnısı səsləndirildi. Yeşilçamın "Arım balım peteğım" filmindən tələbələrin ifasında fraqment göstərilməsi və "Akdeniz" mahnısının ifa olunması ilə Türkiyə mədəniyyəti haqqında təəssürat yaradıldı. Ölkələr haqqında ətraflı məlumat verilməklə yanaşı İspaniya mədəniyyəti İspan rəqsinin, Gürcüstan mədəniyyəti Gürcü rəqsinin nümayişi, İtaliya mədəniyyəti Toto Cutunonun repertuarından ifa, Almaniya mədəniyyəti Alman dilinin tələffüzü ilə bağlı səhnəciyin təqdimi, Koreya mədəniyyəti isə Koreya dilində mahnı səsləndirilməsi ilə qonaqların təsəvvüründə canlandırılıb.

Müğənni Elxan Şirinov və Argentinanın Belgrano Universitetinin professoru Luis Maria Palma universitetdə olmaqdan məmnun olduqlarını dilə gətiriblər. Tədbir haqqında təəssüratlarını bölüşən qonaqlar tələbələrə gələcək işlərində uğurlar arzulayıblar. Elxan Şirinov "Başqa birisini sevə bilməzsən" mahnısını ifa etməklə tədbir iştirakçılarına xoş hisslər bəxş edib.

Tədbir "Azərbaycan" mahnısı ifa olunmaqla başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə