"Atamla harasa gedəndə çox narahat idim" FOTOLAR

"Atamla harasa gedəndə çox narahat idim" FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti, Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. SİA-nın məlumatına görə, yubiley gecəsini tanınmış rejissor, Əməkdar İncəsənət Xadimi Cahangir Novruzov idarə edib.
Gecədə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Lütfəli Abdullayev mədəniyyətimizin, teatr sənətimizin ən parlaq və ləyaqətli korifey nümayəndələrindən, Azərbaycan gülüş sənətinin yaradıcılarından biri olduğunu diqqətə çatdırıb: "Lütfəli Abdullayev çox qısa, lakin son dərəcə zəngin bir ömür yolu keçib. Yaşadığı 59 il ərzində Azərbaycanın teatr və kino sənətinin ən möhtəşəm obrazlarını yaratmağa nail olub. 1938-ci ildən ömrünü bağladığı Azərbaycan Dövlət Musiqili Teatrı sanki onu ömrünün sonunadək buradan başqa yerə getməyə imkan verməyib. Qısa fasilələrlə bir sıra teatrlarda çalışdığı ayları çıxmaqla Lütfəli Abdullayevin bütün mənalı ömrü bu teatrda keçib. O, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu kimi Azərbaycan tamaşaçılarına sevinc gətirən sənətkarlarla bir səhnəni bölüşüb. Bu üçlük teatr sənətimizdə komediya janrına sanki bir canlılıq gətirib. Onların səhnədəki hər oyunu minlərlə tamaşaçı üçün sağlam gülüş, əsl sənət və yaradıcılıq qaynağı olub. Azərbaycan səhnəsinin nadir istedadlarından olan Lütfəli Abdullayev qısa zaman kəsiyində fəxri adlara layiq görülüb".

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Lütfəli Abdullayevin Azərbaycan komediyasında qısa müddət olmağına baxmayaraq öz sözünü demiş sənətkar olduğunu bildirib: "Bizim hər birimiz onun çəkildiyi filmləri izləməklə böyümüşük. Lütfəli öz obrazı ilə sanki o dövrün nöqsanlarını komediyaya əks etdirib. Elə buna görədir ki, hər kəs onu çox sevir. Onunla birgə Bəşir Səfəroğlu, Nəsibə Zeynalova da Azərbaycan komediyasının bünövrəsini qoyub. Düşünürəm ki, cəmiyyət hər zaman Lütfəli kimi sənətkarlara ehtiyac duyacaq".

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Lütfəli Abdullayev kimi sənətkarların hazırda Azərbaycan səhnəsində olmadığını təəssüflə dilə gətirib: "Lütfəli Abdullayev gənc yaşlarından məşhurluq zirvəsinə yüksəlib. "Arşın Mal Alan" filmindəki "Vəli" obrazından sonra Stalinin özü ona "Stalin" mükafatını təqdim edib. Bu da o dövr üçün ən böyük mükafat hesab olunurdu. Sevinirəm ki, Azərbaycan incəsənətində Lütfəli Abdullayev kimi sənətkar olub".

Gecədə Lütfəli Abdullayevanın qızı Xurşud Abdullayeva da atasının 100 illik yubileyinin təmtəraqlı şəkildə keçirilməsində cənab Prezident İlham Əliyevə və Mədəniyyə və Turizm Nazirliyinə öz təşəkkürünü bildirib: "Çox xoşbəxt inasan ki, mənim Lütfəli Abdullayev kimi atam olub. O zamanlar atamın bu cür sənətkar olduğunu tam anlaya bilmirdim. Atamla harasa gedəndə çox narahat idim. Çünki diqqət mərkəzində olurduq. Deyə bilərəm ki, Lütfəli Abdullayev Azərbaycan komediyasının simasıdır".

Nəzərinizə çatdıraq ki, Prezident İlham Əliyevin Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən, paytaxtda və ölkənin bütün bölgələrində ilboyu gülüş gecələri, çoxlu sayda sərgilər, xatirə gecələri, filmlərin nümayişi və tədbirlər təşkil ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı tədbirlər planı sırasında sentyabrın 19-da Şəkidə Lütfəli Abdullayevin xatirəsinə həsr olunmuş birinci böyük gülüş bayramı və tədbir keçiriləcək.

Qeyd edək ki, gecədə görkəmli sənətkarın oynadığı film və tamaşalardan fraqmentlər göstərilib. Həmçinin Azərbaycan Dövlət Musiqili Teatrının, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının və digər teatrların kollektivləri xüsusi olaraq yubiley gecəsi üçün hazırladıqları səhnəciklərlə çıxış ediblər.
Teatrın foyesində Lütfəli Abdullayevin fotoşəkillərindən ibarət sərgi də nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə