Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev, universitetin prorektoru, professor Rafiq Sadıqov, professor Nizaməddin Şəmsizadə, xocalı sakinləri, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri ilk olaraq Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev açaraq 22 il öncə fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə yeksan etdiyini söyləyib: "Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulub. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması, eləcə də erməni qəddarlığının ifşası ilə bağlı ilk praktik təşəbbüs dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ulu Öndər ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırım və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bu məqsədlə atılan mühüm addımlardan biri də erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Məhz, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul edilərək, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb".
Tədbirdə universitetin prorektoru, professor Rafiq Sadıqov çıxış edərək, faciənin dəhşətli faktlarından danışıb: "Heydər Əliyevin Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası, beynəlxalq ictimayyətin bu soyqrımına siyasi- hüquqi qiymət verilməsinin vacibliyini ispat etdi. "Xocalıya ədalət!" əslində "Azərbaycana ədalət!" deməkdir".
Professor Nizaməddin Şəmsizadə də 1992- ci ilin 25 -dən 26- a keçən gecə Xocalı şəhərində erməni qəsbkarları və rus ordusunun 366-cı motoatıcı alayı tərəfindən dinc, günahsız insanlara qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməlləri törədildiyini vurğulayıb: "Bunun nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Azərbaycan tarixinə ən dəhşətli faciə kimi daxil olan Xocalı Soyqırımı tarixin verdiyi ibrət dərsi kimi daima qan yaddaşımızda qalacaq və gələcək nəsilləri zaman-zaman düşündürəcəkdir".
Nəzərinizə çatdıraq ki, tədbirin davamında Xocalı soyqırımı haqqında geniş faktoloji material yayımlanıb.
Qeyd edək ki, sonda dramaturq Vaqif Əlixanlının Xocalı şəhidlərinə həsr olunmuş "Əcəl atı" tamaşasından parçalar göstərildi, baş rolda Respublikanın Əməkdar artisti, Əməkdar incəsənət xadimi "Kütləvi tədbirlər və bayramlar rejissoru" kafedrasının müdiri Qəmər Məmmədova çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB