Heydər Əliyev Sarayında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Heydər Əliyev Sarayında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Bu gün Heydər Əliyev Sarayında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə öncə, XX əsrin ən dəhşətli və qanlı faciələrində biri olan Xocalı soyqırımını özündə əks etdirən kitablar və foto stendə baxış keçirilib.

Tədbirin əvvəlində Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmı haqqındakı "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" sözləri ilə açıb.

Fərhad Babayev, Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmasından, ermənilər tərəfindən törədilən ağır qırğının nəticələrindən və diasporlarımızın, Heydər Əliyev Fondu ilə birgə, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması və tanıdılması istiqamətində müxtəlif ölkələrdə tədbirlər və aksiyalar keçirməsindən danışıb.

Tədbirdə Xocalı sakinləri Elşad Ağayev və Nicat Məmmədovda iştirak ediblər. Xocalı faciəsinin canlı şahidləri bildiriblər ki, həmin gecə erməni silahlı birləşmələri Xocalı şəhərini yerlə-yeksan etdilər, əliyalın dinc mülki əhali kütləvi qırğına məruz qaldı. Bir çox qohumlarının ağır işgəncələrə məruz qalaraq öldürüldüyünü, girov götürülən qohumlarının taleylərinin bu gün də məlum olmadığını bildiriblər. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan Respublikasının torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Cinayət cəzasız qalmamalıdır.

Tədbirdə çıxış edənlər, Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğundan, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışıblar.

Qeyd edək ki, tədbirin sonunda Xocalı soyqırımının dəhşətlərini əks edirən sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə