Bu gün Azərbaycanda televiziyanın ilk dəfə efir faəliyyətinə başlamasının 58-ci ili tamam olur. SİA-nın məlumatına görə, müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilən televiziya ölkəmizdə 1956-cı il fevralın 14-də yayıma başlayıb.
İlk veriliş günü ekranda Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib. 1956-cı ilin mayında ekranda ilk diktorlar göründülər. Onların arasında Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva, Nizami Məmmədov var idi. Sonradan televiziyada istedadlı diktorlar nəsli meydana gəldi Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlimova, Rafiq Həşimov və başqalarının adlarını çəkmək olar.
Əvvəllər yayım yalnız Bakı və Sumqayıtı əhatə edirdi. Bir il sonra -1957-ci ildə televiziyanın əhatə dairəsi genişlənərək Salyan, Quba, Kürdəmir, eləcə də Azərbaycanın digər rayon və şəhərlərində də yayımlandı.
Hazırda Azərbaycanın efir məkanında 10 televiziya kanalı, eləcə də 10-dan artıq regional, peyk, kabel və internet televiziyaları fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə