“Gəncləşən muğam-5” adlı konsert baş tutub FOTOLAR

“Gəncləşən muğam-5” adlı konsert baş tutub FOTOLAR

Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının "Gəncləşən muğam-5" adlı konserti olub. SİA-nın məlumatına görə, konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş "Gəncliyin səsi" festivalı çərçivəsində keçirilib.

"Gəncliyin səsi" festivalı çərçivəsində, həmçinin sarayın foyesində gənc rəssamlardan Ayan Əziz, Samirə Rəsulova, Diləfruz Bağırova, Cəsar Məmmədov və Aynur Məmmədovanın əsərləri sərgilənib.

Ənənəvi olaraq hər il reallaşdırılan "Gəncləşən muğam" layihəsinin rəhbərləri xalq artisti, professor Mənsum İbrahimov və əməkdar artistlər - tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovdur.

Konsertdə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Səyavuş Kərimi və Mənsum İbrahimov çıxış edərək layihə haqqında geniş məlumat veriblər: "Layihənin adı özündə yaşı min illərlə ölçülən muğam sənətinin gənclərin ifasında gəncləşdiyini əks etdirir. İldən-ilə layihənin əhatə dairəsi genişlənir, bu dəfə isə daha böyük miqyas alıb. Belə ki, "Gəncləşən muğam-5" layihəsində 2005-ci ildən başlayaraq keçirilən 4 muğam müsabiqəsinin əsas qalibləri, diplomantları və sənətə yeni qədəm qoyan gənclər iştirak edirlər. Konsertdə 12 yaşından tutmuş 35-36 yaşadək müxtəlif qrupları əhatə edən, ümumilikdə 51 xanəndə çıxış edəcək".

Nəzərinizə çatdlraq ki, budəfəki ifaların ötən ildəki kimi duet, sırf konsert deyil, teatrlaşdırılmış kompozisiya şəklində təqdim olunub. Konsertə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluş verib. Həmçinin konsertdə "Leyli və Məcnun", "Aşıq Qərib", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarından da kompozisiyalar olub.

Onu da xüsusilə diqqətinizə çatdıraq ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyətimizin və incəsənətimizin, o cümlədən muğam sənətimizin ölkədə və onun hüdudlarından kənarda təbliğində və tanıdılmasında müstəsna rolu vardır. Bu sahədə çalışan sənət adamlarına böyük dəstək və qayğı göstərilir.

Qeyd edək ki, daha sonra konsert başlayıb. Dövlət və hökumət rəsmilərinin, görkəmli muğam ustalarının, musiqisevərlərin iştirak etdiyi konsert Azərbaycan Gəncləri Gününə gözəl töhfə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə