Şəkidə Prezident kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışlar keçirilir

Şəkidə Prezident kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışlar keçirilir

Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Prezident kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışların açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Zərinə Cavadova, millət vəkili Rauf Əliyev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Zərinə Cavadova 2006-cı ildən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə keçirilən çövkən milli atüstü oyunlarının əhəmiyyətindən danışıb. Qeyd edib ki, ötən müddətdə bu yarışlar ənənə halını alıb, əhatə dairəsi genişlənib, özünə böyük tamaşaçı auditoriyası toplayıb. Çövkən milli atüstü oyununun YUNESCO-nun "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı"na daxil edildiyini qeyd edən Zərinə Cavadova vurğulayıb ki, bu, dövlətimizin tarixə, ənənəyə diqqət və qayğısının nəticəsidir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yerli sakinləri, ictimaiyyət nümayəndələrini, çövkən milli atüstü oyunlarının azarkeşlərini və iştirakçı komandaları salamlayıb. Tədbirin əhəmiyyətindən söz açan Nazir bu günlərdə YUNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən sessiyasında Qarabağın qədim milli atüstü oyunu olan çövkənin bəşəriyyətin təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs nümunəsi kimi təsdiq edilməsini bütün Azərbaycan xalqının, ölkə rəhbərliyinin uğuru adlandırıb: "Bu o deməkdir ki, Azərbaycan xalqının yaratdığı ənənələr bəşəriyyət üçün önəmlidir və ümumbəşəri irs kimi qorunmalıdır. Çövkən atüstü oyunlarının YUNESCO-nun siyahısına daxil edilməsinə yalnız tarix və mədəniyyət baxımından deyil, eyni zamanda, Qarabağ münaqişəsi kontekstində də baxmaq və dəyərləndirmək lazımdır. Bu həm də Qarabağın, Qarabağ atlarının, orada illərlə formalaşan adət-ənənələrin təcili qorunmaya ehtiyacı olduğunu göstərir. Mən bu istiqamətdə məqsədyönlü fəaliyyətə verdiyi dəstəyə görə ölkə başçısı cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, onların dəstəyi və təşəbbüsü olmasaydı, belə bir möhtəşəm tədbir Bakıda keçirilməz, milli oyunumuz olan çövkən UNESCO-nun siyahısına daxil edilməzdi".
Prezident Kuboku uğrunda keçirilən çövkən yarışlarının artıq ənənə halını aldığını, yerli sakinlərin də bu oyunlara böyük maraq göstərdiyini vurğulayan Nazir iştirakçılara uğurlar arzulayıb. Bildirib ki, bu, Azərbaycan xalqının öz irsinə hörmətinin göstəricisi olmaqla yanaşı, yaratdığı irsi qorumaq əzmini nümayiş etdirir.
Tədbirdə çıxış edən millət vəkili Rauf Əliyev də Prezident Kuboku uğrunda səkkizinci dəfə keçirilən yarışların əhəmiyyətindən söz açıb, bu cür tədbirlərin təşkilinin milli irsə, adətlərə bağlılıq, milli özünüdərkin göstəricisi kimi xarakterizə edib.
Sonra yarışlarda iştirak edən komandalar tamaşaçılar qarşısından keçiblər. Mərasimdən sonra Şəki və Laçın komandalarının oyununa start verilib.
Prezident Kuboku uğrunda VIII çövkən oyunlarının açılışı xeyirxah əməllə də yadda qalıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbirin keçirildiyi Respublika Atçılıq Turizm Mərkəzinin həyətində ağaclar əkilib. Bildirilib ki, atçılıq mərkəzinin həyətinin yaşıllaşdırılması, ətrafının abadlaşdırılması bundan sonra da davam etdirilməlidir.

Qeyd edək ki, Prezident Kuboku uğrunda çövkən milli atüstü oyunu üzrə yarışlara Bakı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağdaş, Bərdə, Yevlax, Qazax, Ağstafa, Ağcabədi, Goranboy və Ağdam rayonlarını təmsil edən komandalar qatılıb. Komandalar çövkən, sürpapaq, papaq və atüstü güləş oyunları üzrə qüvvələrini sınayacaqlar.
Artıq yekun vurulan atüstü güləş oyunun qalibi Daşkəsən komandası olub. Dekabrın 20-dək davam edəcək yarışların qalibləri Mədəniyyət və Turizm Nazirliyinin diplom və mükafatları ilə təltif ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə