Rusiya filmləri həftəsinin açılış mərasimi baş tutub

Rusiya filmləri həftəsinin açılış mərasimi baş tutub

"Nizami" Kino Mərkəzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, "Fest-film" studiyası və "Nizami" Kino Mərkəzi tərəfindən təşkil edilmiş Rusiya filmləri həftəsinin açılış mərasimi və bununla əlaqədar mətbuat konfransı keçirilib. Dekabrın 5-dən 10-dək Bakıda Rusiya kinosu həftəsi keçirilir. SİA-nın verdiyi xəbərə görə, konfransda Əməkdar İncəsənət xadimi, kinoşünas və kinorejissor Ayaz Salayev, Rusiya Kinematoqrafçılar İttifaqı sədrinin birinci müavini Sergey Lazaruk, sənədli film rejissoru İqor Qriqoryev, aktyorlar Mariya Semyonova və Aleksandr Tyutin, "Fest-film" studiyasının baş direktoru İrina Korçaqina və media nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Ayaz Salayev ilk olaraq qonaqları media nümayəndələrinə təqdim edib.

Tədbir zamanı diqqətə çatdırılıb ki, bu bir həftə ərzində tamaşaçılıara son iki ildə Rusiyada çəkilmiş ən yaxşı filmlər nümayiş etdiriləcək. Onlar həmçinin paytaxtımız haqqında öz təəssüratlarını bölüşüblər: "Bakı həqiqətən möhtəşəm şəhərdir. Burada olmaqdan çox məmnunam. Şəhəriniz harmoniya təşkil edir".
Sergey Lazaruk jurnalistlərin suallarına cavablandıran zaman bildirib ki, hazırda Rusiya Federasiyasında dövlət sifarişi ilə 89 film çəkilir. Sevinirəm ki, tamaşaçıların sənədli filmlərə marağı artmaqda davam edir".

Nəzərinizə çatdıraq ki, konfransın ardınca Rusiya filmləri həftəsinin açılış mərasimi baş tutub. Həftə Dmitri Zverkovun və İqor Sosnanın ssenarisi əsasında rejissor Andrey Malyukovun çəkdiyi "Matç" adlı birgə Rusiya-Ukrayna filminin nümayişi ilə başlanıb.
Film 1942-ci ilin avqustunda Kiyev futbolçuları və Almaniyanın "Lüftvaffe" komandası arasında məşhur "Ölüm matçı" haqqındadır. Filmdə Sergey Bezrukov, Yelizaveta Boyarskaya və başqaları çəkiliblər.

Qeyd edək ki, həftənin proqramında "Mən yanında olacağam", "Şpion", "İki gün", "Kino ərazisində müharibə", "Metro", "Ku! Kin-dza-dza!" filmlərinin də göstərilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə