Azərbaycanlı sənətçilər Özbəkistanda FOTO

Azərbaycanlı sənətçilər Özbəkistanda FOTO

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 1 sentyabr - Özbəkistanın dövlət müstəqilliyinin əldə edilməsinin 22-ci ildönümünə həsr olunmuş bayram şənliyi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Özbəkistanda yaşayan azərbaycanlılar, Azərbaycan diaspor təşkilatının nümayəndələri, Qadınlar Şurasının üzvləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, habelə yerli özbəklər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş özbək xalqını, habelə Özbəkistan vətəndaşları olan azərbaycanlıları müstəqillik bayramı münasibəti ilə təbrik edib. O, Azərbaycanla gözəl münasibətlərə malik olan, eyni mədəniyyətə, dilə, dinə mənsub özbək xalqının uğurlarına, sevincinə Azərbaycan xalqının şərik olduğunu və qardaş Özbəkistana müstəqilliyinin əbədi olmasını arzulayıb.

Tədbirdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov və Azərbaycan diasporunun rəhbəri Mobil Məmmədov təbrik çıxışları ediblər.

Sonra Azərbaycanın tanınmış müğənnisi, muğam ustası Elnarə Abdullayeva və Özbəkistanın "Nixol" dövlət mükafatı laureatı, populyar müğənni İsrail Saidumarovun iştirakı ilə böyük konsert proqramı təqdim edilib. Konsert proqramında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı və "Azərbaycanım" musiqi qrupunun ifaları iştirakçıların marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə