Türkiyəli aktyor: “Adıma məktəb açdıracağam” MÜSAHİBƏ-FOTO

Türkiyəli aktyor: “Adıma məktəb açdıracağam” MÜSAHİBƏ-FOTO

Türkiyəli aktyor Hüseyin Avni Danyalın SİA-ya müsahibəsi:

- Azərbaycan haqqında təəssüratlarınızı bilmək istərdik...

- Bakını 2 gün gəzdim. Ona görə, paytaxtınızla yaxından tanış ola bilmədim. İnşallah sentyabr ayında da işlərimə görə, Azərbaycana gələcəm və Bakını kifayət qədər gəzəcəm.

- Azərbaycan aktyorlarından kimləri tanıyırsınız və bəyəndikləriniz var?

- İllər öncə aktyor Vaqif İbrahimovu tanıyırdım. O da eşitdiyimə görə, dünyasını dəyişib. Allah rəhmət eləsin. 10-15 il bundan öncə Vaqif müəllimlə Türkiyə teatrlarının birində işləyirdik. İndi isə azəri aktyorlarından əməkdar artist Sənubər İsgəndərliy və Əzizağa Əzizovla tanış olmuşam. Azərbaycan seriallarına baxmadığıma görə, bu barədə geniş məlumat verə bilməyəcəm.

- Azəri sənətçilərindən sevdiyiniz və tanıdığınız varmı?

- İllər əvvəl Azərbaycanın məhşur müğənnisi Zeynəb Xanlarovanı tanıyırdım. Çox böyük sənətkardır. Vaxtım olanda internetdən bəzi Azərbaycan müğənnilərinin mahnılarını da dinləyirəm. Təəssüf ki, adları yadımda deyil.

- Həmklarlarınızdan kimlərlə eyni səhnəni bölüşmək sizin üçün xoşdur?

- Türkiyədə bir çox aktyor və aktrisaları bəyənirəm. Onlardan bir-bir adlarını çəkmək istəmirəm. Kifayət qədər ustad aktyorlarımız var. Nəzərinizə çatdırım ki, bir çox həmkarlarımın savadlı və bacarıqlı olduqlarını bilirəm. Odur ki, onların peşəkarlığına heç bir şübhəm yoxdur.

- Sizin yolunuzu davam etdirən tələbələriniz varmı?

- Hazırda yoxdur. Ancaq əvvəllər tələbələrim olub. Təxminən 5-6 il bundan əvvəl dövlət teatrlarının birində dərs deyirdim. O zamanlar çoxlu tələbələrim var idi. Hətta yaxın vaxtlarda yeni serialda oynamaq təklifi almışam. 15 il bundan öncə tələbəm olmuş xanımla bu il birlikdə seriala çəkiləcəyik. 32 yaşlı tələbəmlə eyni səhnəni bölüşəcəm.

-Tələbənizlə eyni səhnəni bölüşmək necə hisdir?

- Tələbəmlə eyni səhnəni bölüşmək insana çox böyük zövq verir. Kaşki vaxtım olsa daha çox tələbə hazırlaya bilsəm. Televiziya sahəsində çalışdığım üçün işlərimə çox vaxt sərf edirəm. Onu da xüsusi ilə qeyd edim ki, gələcəkdə öz adıma məktəb də açdırmaq istəyirəm.

- Sizi tamaşaçılar daha çox "Aşka sürgün", "Kurtlar vadisi" seriallarından tanıyırlar. Xarakterinizlə üst-üstə düşən obrazınız var?

- Biz aktyorlar rol aldığımız filmlərdə ancaq oynayırıq. İfaçısı olduğum obrazlarımın xarakterimlə heç bir əlaqəsi yoxdur.

- Hüseyin Avni Danyal şəxsi həyatda necə xasiyyətə malik biridir?

- Gündəlik həyatımda son dərəcə sakit yaşayan, səs tonunu yüksəltməyi sevməyən, həmçinin işim olmadığı müddətdə evdə olub, kitab oxumağı xoşlayan, boş vaxtlarımda özümü əyləndirməyi bacaran biriyəm. Bir o qədər də hərəkətli həyatım yoxdur. Uşaqlığımdan boş vaxtımı evdə keçirməyə üstünlük verirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə