Mədəniyyət xadimlərinə fəxri adlar təqdim edildi

Mədəniyyət xadimlərinə fəxri adlar təqdim edildi

Bu gün Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əblüfəs Qarayev prezident İlham Əliyevin sərəncamı ilə fəxri adlara layiq görülən bir qrup mədəniyyət və incəsənət xadimlərinə vəsiqələr verib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının yüksək səviyyədə olduğunu bildirib.

Nazir onu da qeyd edib ki, son illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra layihələr həyata keçirilib və bunun sayəsində Azərbaycan mədəniyyəti çox geniş şəkildə təbliğ olunub: "Bunun bariz nümunəsidir ki, Azərbaycanın incəsənət ustaları beynəlxalq səviyyəli tədbirlərdə iştirak edir və yüksək yerlərə layiq görülürlər".

Daha sonra Ə.Qarayev fəxri adlara layiq görülən bir qrup mədəniyyət və incəsənət xadimlərinə vəsiqələri təqdim edib.

Səidə Quliyeva, Yalçın Adıgözəlov, Simarə İmanova və Eldar Mansurov xalq artisti, Sürəyya Ağayeva, Sənubər Bağırova, Tahir Əkbərov və Nadir Əzimov əməkdar incəsənət xadimi, Səlim Abbasov, Süleyman Abdullayev, Teymur Əmrahov, Vaqif Əliyev əməkdar artist və daha bir neçə nəfərə əməkdar mədəniyyət işçisi fəxri adının medalı təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə