“Söylü”nün 57 yaşı tamam oldu

Bu gün Azərbaycanın xalq artisti Afaq Bəşirqızının doğum günüdür. SİA-nın xəbərinə görə, Afaq xanım aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək, tamaşaçıların dərin rəğbətini qazanıb.

1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşirqızı Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək, şöhrət qazanıb.

1989-cu ildə Afaq Bəşir qızı Musiqili Komediya Teatrına dəvət alıb. Bu illər ərzində o "Subaylarınızdan görəsiniz" əsərində Səməni, "O olmasın, bu olsun"da Sənəm, "Bankir adaxlı" tamaşasında Nisə, "Məhəbbət oyunu" tamaşasında Səltənət, "İtgin ər"də Məleykə, "Məsmə xala dayımdır"da Məsmə və s. tamaşalarda baş və əsas rolları oynayaraq bir-birindən maraqlı obrazlar yaratmağa nail olub.

"Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Bəxt üzüyü", "Girov" filmləri Afaq Bəşirqızının ifası ilə daha da yaddaqalan olub.

A.Bəşirqızı 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" adına layiq görülüb. O, 2 dəfə – 1993-cü və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb, kino fəaliyyətini davam etdirir, televiziyada və dövlət konsertlərində çıxış edir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülüb.

Qeyd edək ki, Afaq Bəşirqızı aktyor Bəşir Səfəroğlunun qızıdır.

Biz də səbəbkarı təbrik edir, ona can sağlığı arzu edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə