Şəkidə “Mahmud və Məryəm” filminin çəkilişlərinə start verilib- FOTO

Şəkidə “Mahmud və Məryəm” filminin çəkilişlərinə start verilib- FOTO

Şəkidə xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında ekranlaşdırılan eyniadlı filmin çəkilişlərinə start verilib. SİA-nın məlumatına görə, filmin ilk kadrlarının çəkilişi üçün Şəki şəhərindəki "Yuxarıbaş" Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində, XVIII əsrə aid memarlıq abidəsi "Qala divarları"nın qarşısında qədim dövrlərə xas Şərq bazarlarını xatırladan xüsusi meydan qurulub.


Çəkiliş meydançasında 100-dən artıq texniki işçi və yaradıcı heyətin üzvləri çalışır. Epizodik rolların çəkilişinə yerli sakinlər də cəlb olunublar.


Məlumat üçün bildirək ki, Şəkidə çəkilişlər bir həftə davam edəcək. Sonra yaradıcı heyət 1 gün Qax rayonunda çəkiliş aparacaq. Daha sonra filmin çəkilişləri Bakı şəhərinin tarixi məkanlarında, Qobustanda və nəhayət, Türkiyədə davam etdiriləcək. Filmin çəkilişlərinin gələn ilin ikinci yarısında başa çatdırılması planlaşdırılır.


Qeyd edək ki, ilk dəfə olaraq Türkiyə və Azərbaycan müştərək film çəkir. Yeni ekran əsərinin çəkilişləri Azərbaycan tərəfindən "Salnamə" studiyası, Türkiyə tərəfindən isə "24 Kare Film" şirkəti tərəfindən həyata keçirilir. Bu filmin Azərbaycan və Türkiyə ilə yanaşı, daha 9 ölkədə nümayiş etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə