Səfurə Əlizadə: “Səbinə çox güclü səsə malik ifaçıdır”- MÜSAHİBƏ

Səfurə Əlizadə: “Səbinə çox güclü səsə malik ifaçıdır”- MÜSAHİBƏ

Azərbaycanı 2010-cu ildə 55-ci \"Eurovision\" mahnı müsabiqəsində təmsil edən və beşincilik qazanan Səfurə Əlizadə bu ilki yarışma ilə bağlı fikirlərini SİA-ya müsahibəsində bildirib.

- Bu ilki müsabiqənin təmsilçisi Səbinə Babayevanın ifası və onun hansı yerə sahib olacağı haqda nə deyə bilərsən?

- Səbinə çox güclü səsə malik ifaçıdır. Bu da əsas amillərdən biridir. Bununla yanaşı, səhnədə gözəl çıxış etmək də önəmlidir. İnanıram ki, Səbinə bunun öhdəsindən də layiqincə gələ biləcək. Onun neçənci yerə çıxacağını əvvəlcədən deyə bilmərəm. Çünki qabaqcadan deyilən kimi göstərici olmur. Necə ki, bukmeykerler məni birincilikdə görürdü. Lakin 5-ci yerə sahib oldum. Təbii ki, bu yer də yaxşı göstəricidir. Ən azından top 5-likdə ola bildim. Mənim üçün vacib olan o idi ki, Avropada bu günə kimi müsabiqədə ifa etdiyim \"Drip- drop\"mahnısını dinləyirlər. Çox istərdim ki, bu hal Səbinədə də müşahidə edilsin. Birincilik qazanmaq yaxşı olardı, ancaq əsas odur ki, bütün dünya Azərbaycanın mahnısını dinləsin.

- Səbinədən başqa favoritin kimlərdir?

- Səbinədən başqa qardaş ölkə olan Türkiyə təmsilçisi Can Bonomonu bəyənirəm. Bu insanın çox gözəl səsi, imici və maraqlı səhnə performansı var. Bununla yanaşı, Ukrayna təmsilçisi Qaytananın səsini də bəyənirəm. Hətta onunla bir səhnədə ifa etmişəm.

- Bildiyimizə görə, müsabiqənin finalına bilet tapa bilməmisən. Belə çıxır ki, müsabiqəni izləyə bilməyəcəksən. Bununla yanaşı çıxışın da olmayacaq?

- Mən elə bir söz işlətməmişdim. Sadəcə sual verilmişdi ki, bilet verilsə, nə edərdiniz? Mən də təbii ki, \"ölkəmizdə keçirilən müsabiqədə öz təmsilçimizi dəstəkləyərəm\" demişdim. Dedim ki, bilet versələr, çox sevinərəm. Bu sözümdən elə çıxdı ki, kimdənsə bilet xahiş edirəm. Bu da pis səsləndi və xoşum gəlmədi. Mənim orda çıxışım olmayacaq. Biletlər tez satıldığına görə almağa vaxt çatdıra bilmədim. Əsas odur ki, mənim qəlbim Səbinə Babayeva ilə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə