Mədəniyyət və Turizm Nazirliyinin ilin yekunlarına həsr edilmiş kollegiya iclası keçirilib
Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən həftə Nazirlər Kabineti tərəfindən təsdiqlənən nazirliyin yeni kollegiyasının tərkibi barədə iştirakçıları məlumatlandırıb.
2011-ci ilin yekunlarına nəzər salan nazir, ilin uğurlu baş tutduğunu, mədəniyyət və turizm sahəsində bir sıra uğurların əldə olunduğunu deyib: "Bu il mədəniyyət sahəsində bir neçə mühüm, böyük hadisə baş verib. Dövlət başçısı İlham Əliyev tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi, Azərbaycan turizm nüfuzunun artırılması, açılan yeni məkanlar, yeni infrastruktur layihələri ilin xüsusi əlamətini kəsb edir. Bu il yaddaşlarda qalan hadisələrdən biri də Mədəniyyətlərarası Dialoq Forumu oldu. İlk dəfə altı beynəlxalq qurum bu forumun keçirilməsinə dəstək verdi. Bu forumun məhz Azərbaycanda keçirilməsi bizim üçün əlamətdar faktdır. Paytaxta "Nizami" Kino Mərkəzi bərpa olundu və açıldı".
Nazir Azərbaycan mədəniyyətinin xaricdə geniş təqdim olunması barədə də danışıb: "Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən müxtəlif ölkələrdə təşkil olunmuş təqdimatlar, müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunan tədbirlərin təşkili möhtəşəm layihələr arasında qeyd olunmalıdır".
Ə. Qarayev 2011-ci il üçün ilin ən böyük hadisəsi kimi isə Azərbaycanın "Eurovision-2011" müsabiqəsində qalibiyyətini qeyd edib. Nazir, gələn ilin birinci yarısından başlayaraq bütün mədəniyyət ocaqları və digər qurumların Azərbaycanda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili üçün var qüvvə ilə çalışacaqlarını deyib.
Daha sonra nazir gələn ilin 6 ayı ərzində 60, il boyu 103 tədbirin keçirilməsinin nəzərdə tutulduğunu kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Kollegiya gələn ilin İş planını təsdiqləyib.
Nazirin çıxışdan sonra mövzular ətrafında çıxışlar başlanılıb. Kollegiya iclası qapalı şəkildə işini davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə