“Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi”

“Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi”
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi" pyesi əsasında hazırlanan iki hissəli tamaşanın premyerası keçirilib.


SİA-nın məlumatına görə, yeni quruluşda hazırlanan tamaşanın rejissoru xalq artisti Azərpaşa Nemətov, musiqi tərtibatçısı Paşa Zəfəroğludur.


Tamaşanın təqdimatından əvvəl jurnalistlərə məlumat verən xalq yazıçısı Elçin Əfəndiyev bildirib ki, görkəmli rejissorumuz Azərpaşa Nemətov bu əsərə müraciət edərək onu yenidən səhnəyə qoyub. Rejissor bu dəfə onu ikinci adı - "Boy çiçəyi" ilə adlandırıb. "Boy çiçəyi" Qarabağda bitən bir güldür.


Elçin Əfəndiyev qeyd edib ki, "Sən həmişə mənimləsən" pyesi Akademik Milli Dram Teatrında səhnəyə qoyularkən o dövrdə həm teatr, həm də dramaturgiyada böyük bir hadisəyə çevrilib: \"Azərbaycan dramaturgiyasında və teatrında bu tamaşa ilə psixoloji-lirik janrın əsası qoyulub. Mən tamaşanın nə məşqlərində, nə də ictimai baxışında iştirak etmişəm. Amma sevindiricidir ki, görkəmli aktyorumuz Fuad Poladov uzun fasilədən sonra yenidən bu səhnədə çıxış edir. Onun tərəf müqabili isə gənc aktyor Məsmə Aslanqızıdır. Mənim üçün də maraqlıdır ki, görüm onlar Həsənzadə və Nargilə obrazlarını necə oynayacaqlar\".


Tamaşada əsas rolları xalq artistləri Fuad Poladov, Şükufə Yusupova, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, aktyorlar Elnar Qarayev, Fəridə Əliyeva və başqaları canlandırıblar.


Səhnədə cərəyan edən hadisələr sanki keçmiş sovet dövründə deyil, bu gün baş verir. Məhz bu səbəbdən də rejissor böyük ustalıqla hadisələrin axarına güclü təsir etmədən, əsas mətləbdən uzaq düşmədən əsəri tamaşaçıya yeni bir formada təqdim edə bilib.


Qeyd edək ki, İlyas Əfəndiyevin bu pyesi ilk dəfə 1964-cü ildə Akademik Milli Dram Teatrının səhnəsində rejissor Tofiq Kazımov tərəfindən hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə