“Azərbaycanın Robertinosu” italyanları heyrətləndirdi - FOTO

“Azərbaycanın Robertinosu” italyanları heyrətləndirdi - FOTO

İtaliyanın paytaxtı Roma şəhərində "Elia Catalano" milli festivalı keçirilir. Festivalda İtaliyanın tanınmış sənətçiləri və musiqiçiləri iştirak edirlər. DAK-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyulun 13-16-da baş tutan festival çərçivəsində ölkəmizi Azərbaycanı Dövlət Uşaq Filarmoniyasının solisti Emin Eminzadə təmsil edir.

Qeyd edək ki, fevralın 13-də dünya şöhrətli italyan müğənni Robertino Loretti Azərbaycan tamaşaçıları üçün ilk dəfə Bakı səhnəsində solo konsert proqramı ilə çıxış edib. Əfsanəvi tenorun konsertində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti, hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzinin nəzdindəki musiqi məktəbində fortepiano şöbəsində təhsil alan (onun müəlliməsi Azərbaycan Milli Konservatoriyanın dosenti, Azərbaycan Respublikasının əməkdar müəlliməsi və sənətşünaslıq üzrə fələsəfə doktoru Məryəm Babayevadır) Dünya Azərbaycanlıları Konqresinin (DAK) ən gənc (14 yaş) üzvü Emin Eminzadə onun "Jamayka", sonra isə digər gənc solist İslam Qasımovla birgə "O Sole Mio" mahnısını oxuyub. Məhz həmin çıxışdan sonra italiyalı müğənni Emin Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb. Elə Emin Eminzadənin İtaliyada keçirilən bu festivala dəvət almasının təşəbbüskarlarından biri də Robertino Loretti olub. İyulun 13-də, yəni festivalın ilk günündə Azərbaycanın gənc vokalçısı Robertino Lorettinin "Jamayka" və "O Sole Mio" mahnılarını ifa edib. 14 yaşlı azərbaycanlının İtaliya mahnısını bu cür məharətlə ifa etməsi ayaqda alqışlanıb və tamaşaçılarda böyük coşqu yaradıb. Nəticədə Emin Eminzadə ən yüksək nəticə qazanaraq "Elia Catalano" milli festivalının laureatı olub. Mükafat gənc solistə festivalın Təşkilat Komitəsinin rəhbəri, maestro Fabrizio Masci tərəfindən təqdim olunub.

İyulun 15-də isə Emin Eminzadə dünya şöhrətli müğənni Robertino Loretti və ailəsinin qonağı olub. Əfsanəvi toner gənc solistimizə Romada bir neçə günlük "Master class" keçir. Emin Eminzadənin səsinə və sənətinə vurğun olduğunu bir daha qeyd edən Robertino Loretti onu payızda Moskvada keçiriləcək yubileyinə dəvət edib. Həmin tədbirdə əfsanəvi toner gənc solistimizlə birgə səhnədə oxuyacağını bildirib. Emin Eminzadə isə Robertino Lorettidən onunla birgə Azərbaycan xalq mahnısı oxumağı xahiş edib. Əfsanəvi toner də Azərbaycan xalqının musiqisini və mədəniyyətini çox sevdiyini söyləyib.

İyulun 16-da Emin Eminzadə Romanın mərkəzində, Trastevere səmtində düzənlənmiş "Elia Catalano" milli festivalının qala konserti olan möhtəşəm "Festa de noantri" konsert proqramında çıxış edib. Konserti böyük tamaşaçı kütləsi izləyib. Qonaqlar arasında Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıxov və diplomatik korpusun ona yaxın əməkdaşı iştirak edib. Emin Eminzadənin gözəl çıxışından sonra tədbirin aparıcısı Vaqif Sadıxovu səhnəyə dəvət edərək, ona və Azərbaycan xalqına İtaliya xalq mahnılarını peşəkarlıqla ifa edən belə istedadlı gənc yetişdirdiyinə görə təşəkkür edib. Səfir də öz növbəsində bütün tamaşaçılara, konsertin təşkilatçılarına, xüsusilə Fabrizio Masciyə və digər qonaqlara Emin Eminzadənin sənətinə yüksək qiymət verdiklərinə görə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə