Tariyel Qasımov: “Kino rejissorları Gənc Tamaşaçılar Teatrına gəlib tamaşalara baxmırdılar”- MÜSAHİBƏ (SƏS TV)
Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Tariyel Qasımovun SƏS TV-yə müsahibəsi:
- Adətən şou- biznes əhli yuxudan gec oyanmağa öyrəşiblər, bəs teatr insanları necə?
- Şou aləminin insanlarını deyə bilmərəm, ancaq aktyorlar hər gün saat 11-də məşqlərə gəlir.
- Kolxoz sədrinin oğlunun daha yüksək peşə sahibi deyil, aktyor olması necə qəbul olundu ailəniz tərəfindən?
Atam hər zaman istəyirdi ki, ən yaxşı institutlardan birinə daxil olum. İlk olaraq daxil olduğum Bədən Tərbiyəsi İnstitutu da təsadüfən alındı. Aktyorluğa uşaqlıqdan həvəsim olub. Atam kolxoz sədri olduğu üçün evimizə bu sənətin adamları daha çox gəlirdilər. Anam isə həkim olmağımı istəyərdi. Hətta o zamanlar bir şeir yazmışdım.
Gözlərimdən öpərək dedin ay oğul yaxşı yol,
Oxu qurtar qayıt, gəl kəndimizdə həkim ol.
Mən də həkim olmayım artist olmağa üstünlük verdim.
- Bu addımınıza görə atanız sizdən incimədi?
Yox incimədi. Atam həmişə mühəndis olmağımı istəyirdi. Atamdan gizli aktyorluq sənətinə sənədlərimi vermişdim. Bədən Tərbiyəsi İnstitutunda təhsil ala- ala həm də aktyorluq edirdim. Atam aktyorluq etdiyimi biləndə məndən küsdü. Bu sənətə olan marağım hələ uşaqlıqdan Etilli Lilyan Voyniçin "Ovod" əsərində Artur obrazını çox oynamaq istəməyim olub. Hətta buna da şeir qoşmuşam.
Demə aylar ötüb illər keçəcək aktyor adını daşıyacağam
Sevdiyim Artur rolunu səhnədə mən özüm oynayacağam.
Çünki sonralar Gənc Tamaşaçılar teatrında məhz bu rolu ifa etmişəm.
- Kinoya ilk gəlişiniz \"Liftçi qız"dan başlayıb. Bu filmdən sonra yaradıcılığınızda durğunluq yarandı. Neçə il filmə çəkilmədiniz?
- Bu filmdən sonra 2 il filmə çəkilmədim. Ondan sonra da Naxçıvan Dövlət teatrına getdim. Daha sonra da İrəvan Dövlət Dram Teatrına getdim. Geri qayında Gənc Tamaşaçılar Teatrına götürmədiklərinə görə kinostudiyada rejissor assistenti vəzifəsində çalışdım.
- Gənc tamaşaçılar teatrına qayıdanda sizi yenidən niyə işə götürmədilər?
- Dedilər ki, o vaxt çıxıb getdiyinə görə indi də geri işə götürmürük.
- Sizdən acıqlarını çıxdılar?
- Demək olar ki, acıq çıxdılar. Gənc Tamaşaçılar Teatrından gedəndə mənə getmə demişdilər. Ona görə teatrdan getmişdim ki, yeni ailə həyatı qurmuşdum və evim yox idi. Həmin vaxtlarda atam pul göndərmirdi. Bu dövrlərdə "Tacikfilm" studiyası işə dəvət etdi.
- Sizi daha çox Azərbaycandan kənarda çəkilən filmlərdən tanıyırlar, buna səbəb nə idi?
- Düzünü desəm, bu sirri özüm də bilmirəm. Həmin zamanlar Azərbaycan rejissorları məni görmürdülər. O zamanlar gənc tamaşaçılar teatrında baş rolları ifa edirdim. Cəlal, Bəxtiyar, Zöhrab kimi rollarda çıxış etmişəm. Hər zaman sevgi və qəhrəmanlıq planında oynayan aktyor olmuşam. Bir çox bacarıqlı istedadlı aktyorların oynaya biləcəkləri rolları o zaman kino rejissorları erməni və digər ölkələrin aktyorları gətirirdilər.
- "Yeddi oğul istərəm" filmindəki Cəlal rolundan imtina etmişdiniz?
- İmtina etməmişdim, sadəcə film istehsalata buraxılan vaxtı Tacikistanın Düşənbə şəhərində filmə çəkilirdim. Mənə həmin zamanı teleqram gəldi ki, təcili olaraq Bakıya gəlməlisən. İki günlük icazə alıb Bakıya gəldim. Ancaq həmin vaxtlar Tacikistandakı filmə görə saqqal saxlayırdım. Çünki müqaviləm vardı ki, 2 il bu filmə görə xarici görünüşümdə dəyişiklik etməyəcəkdim. Sərkərdə rolunda oynadığıma görə belə olmalı idi. Saqqallı olduğum üçün də rola çəkilə bilmədim. Ancaq onu da qeyd edim ki, rayonlara gedəndə hamı elə bilirdi ki, Cəlal obrazını mən canlandırmışdım.
- Bayaq qeyd etdiyiniz kimi, sizə rejissorlar diqqət etmirdilər, bəlkə də bu səbəbdəndir ki, hazırda xarici ölkələrin rejissorlarını dəvət edib onların əməyindən bəhrələnirlər, buna münasibətiniz necədir?
Bizim o zaman rejissorlarımız Gənc Tamaşaçılar Teatrına gəlmirdilər. Bizim teatrımızda az aktyor olardı ki, kinoya çəkilərdi. Misal olaraq, Yusif Vəliyev 50 yaşına qədər heç bir filmə çəkilməyib. Gənc Tamaşaçılar Teatrının aktyorlarını çox tanımırdılar. Kino rejissorları bizim teatrlara gəlib tamaşalara baxmırdılar.
- Azərbaycan filmlərinin içərisində baş rolda oynadığınız filmlər demək olar ki, çox azdır...
- Ancaq "Doğma sahillərdə" və "Liftçi qız"da əsas rollarda çəkilmişəm. Digər filmlərdə isə epizodik rollarda oynamışam. Buna baxmayaraq ki, xırda rollarım insanların yaddaşlarında daha tez qalır. Aktyorlar var ki, baş rollarda çıxış edirlər, ancaq tez unudulurlar. Ancaq elə aktyorlarda var ki, çox xırda obrazlarda oynamasına baxmayaraq yaddaşlarda silinməz izlər buraxırlar. Bu da təbii ki, aktyorun xoşbəxtliyidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB