“Satiranın səsi: Haqverdiyev Molla Nəsrəddin işığında”

1906-cı il… Həmin ili Azərbaycan mətbuatında yeni bir inqilabi dövrün başlanğıcı kimi dəyərləndirmək olar. Çünki bu dövrdə Azərbaycanda ilk şəkilli, satirik-yumoristik jurnal “Molla Nəsrəddin” aprel ayının 7-də çap olunmuşdur. Molla Nəsrəddin jurnalının yaranması zamanın tələbi idi. Belə ki, dövrün düşünən beyinləri, qabaqcıl ziyalıları gördüklərini, duyduqlarını xalqın diqqətinə çatdırıb, onları qəflət yuxusundan oyatmaq üçün sətiraltı mənalarla düşüncələrini gizli təxəllüslərlə yazıb, jurnalda çap etdirirdi. Yarandığı gündən bağlandığı ana qədər jurnalın əsas tənqid hədəfi – din altında maskalanan ikiüzlü ruhanilər, mövhumat, dil məsələsi, qadın azadlığı və ən əsas məsələ rus çarizmi ilə mübarizə olmuşdur. Molla Nəsrəddin jurnalı Azərbaycan mətbuat tarixinə öz adını qızıl hərflərlə həkk etdirə bildi, çünki jurnal bağlandığı andan sonra onun yeni-yeni davamçıları meydana çıxdı. Jurnal öz ətrafına əsl söz sərraflarını toplaya bilmişdi, həmin ədibləri ki, yazılarını qorxmadan, çəkinmədən nə olursa, olsun çap etdirirdi. Bəli, haqsızlığa susmayan elə ədiblərdən biri də məhz Əbdürrəhim bəy Haqverdiyev idi…

Təkcə Azərbaycanın deyil, bütövlükdə müsəlman Şərqinin qəflət yuxusundan oyanmasına güclü təsir göstərmiş “Molla Nəsrəddin” jurnalının özü və irsi günümüzdə də əhəmiyyətini qoruyub saxlayır. Qeyd etdiyim kimi, satirik dərginin ən fəal üzvlərindən biri də Əbdürrəhim bəy Haqverdiyev olub. “Molla Nəsrəddin” ədəbi məktəbinin tanınmış tədqiqatçısı, mərhum professor Firudin Hüseynov yazır ki, jurnalın azərbaycançılıq ideyasının daşıyıcıları – Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Məmməd Səid Ordubadi və başqalarının durduğu cərgədə Əbdürrəhim bəy Haqverdiyevin öz yeri, öz xidmətləri var.

Haqverdiyevin həyat və yaradıcılığı elə bir dövrü əhatə edirdi ki, artıq bu dönəmdə milli özündərk yavaş-yavaş qayıtmağa başlayır, millətin oyanıb öz haqqını tələb edib, Vətənin istiqlaliyyəti uğrunda mübarizə aparması, digər tərəfdən isə öz ana dilinin yad təsirlərdən qorunması məsələsi get-gedə artırdı. Haqverdiyev məhz elə bu məsələləri öz yaradıcılığının aktual gündəm mövzusu halına gətirmişdi. Daha öncə qeyd etdiyim kimi, Haqverdiyevin yaradıcılığının mükəmməl olması bir tərəfdən dövrün ədəbi imkanlarından, digər tərəfdən isə mətbuatın, xüsusilə “Molla Nəsrəddin” kimi əjdaha bir mətbu orqanın səhifələrindən səsinin gəlməsi idi.

“Molla Nəsrəddin” jurnalı çıxanda Haqverdiyev Şuşada idi. 1906-cı il aprelin 7-də çıxan jurnalın birinci nömrəsi, may ayının əvvəllərində ədibin əlinə keçmişdi. Nömrə şəhər əhalisi arasına bir bombatək partlamışdı. Belə ki, jurnalın birinci nömrəsinin birinci səhifəsində əsas tənqid hədəfi mollalara zərbə vurmaq, ikiüzlü ruhaniləri satirik atəşə tutmaq idi. Mollalar jurnalı yaradan və oxuyanları kafir adlandırıb, belə deyir: “Bu jurnal gərək bir müsəlmanın evinə girməsin, onu nəinki oxumaq, ələ belə almaq haramdır”. Bu sözlər təkcə Qarabağda deyil, eyni zamanda Zaqafqaziyanın hər bir şəhərində deyilirdi” – deyə Haqverdiyev “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması və eyni zamanda cəmiyyətdə doğurduğu reaksiya haqqında xatirələrində qeyd edirdi.
“Molla Nəsrəddin” jurnalı Əbdürrəhim bəyin hərtərəfli yaradıcılıq imkanlarını ortaya qoyub, istedadını üzə çıxaran dərgi oldu. “Molla Nəsrəddin” jurnalının təsisçisi və baş redaktoru Cəlil Məmmədquluzadə olduğu üçün Haqverdiyev yaradıcılığında onun yaradıcılığının təsiri özünü göstərir.

Haqverdiyev əsl xalq sənətkarı idi. O, xalqın dərdlərini yaxşı anlayır, onların dərdinə şərik çıxırdı. Mücahid əsgər kimi xalqın keşiyində durması, onun yaradıcılıq amalı idi. Haqverdiyev mətbuatda yeni deyildi. Artıq onun 1906-cı ildən “Həyat” qəzetinin səhifələrində yazıları öz əksini tapmışdı. Adıçəkilən qəzetin səhifələrində ədibin “Ata və oğul”, “Ayın şahidliyi” hekayələri oxucu rəğbəti qazanmışdı. 1907-ci ildən jurnalın son sayına qədər “Molla Nəsrəddin”lə əməkdaşlıq edib, Cəlil Məmmədquluzadə ilə dostluğunu davam etdirən ədib jurnalın səhifələrində “Xortdan”, “Ceyranəli”, “Mozalan bəy” imzaları ilə jurnalda çıxış edirdi. Müəllifin “Cəhənnəm məktubları”, “Marallarım” silsiləsindən satirik hekayələri, “Mozalan bəyin səyahətnaməsi” kimi əsərləri bu jurnalda dərc olunub.

XIX əsrin sonu – XX əsrin əvvəlləri mədəni inqilabın başlanğıcı sayılır. Hesab edirəm ki, bu inqilabi dövrdə yazıb, yaratdığı üçün Haqverdiyevin yaradıcılığı cəmiyyətin real mənzərəsinin aynada əksidir. Xalqı qəflət yuxusundan oyandırıb, cəmiyyəti ziyalı, elit təbəqə nümayəndəsi kimi görmək ədibin həyat amalı, əsas qayəsi idi.

Ədibin “Marallarım” hekayələr silsiləsi tam real dövrün mənzərəsini əks etdirir. Onu da vurğulayım ki, Haqverdiyevin ortaya qoyduğu tipik obrazlar təkcə XIX-XX əsr azərbaycanlısını əks etdirmir, eyni zamanda bu günün mənzərəsini əks etdirir:

“Hər yer mənim marallarımla doludur. Gözəl marallarım, göyçək marallarım. Hacı marallarım, kərbəlayı marallarım, məşədi marallarım, molla, rövzəxan, bəy-xan marallarım. Başları qapazlı, üzləri tüpürcəkli marallarım…”

Bəli, günümüzün reallığı budur ki, bu gün də din altında gizlənən yalançı din xadimləri, pul gücünə “burda mənəm, Bağdadda kor xəlifə” deyən rüşvətxor məmurlar çoxdur.

Ruhu “mollanəsrəddinçi” olan ədib daim jurnalın haqlı mübarizəsində yanında olub, ona dəstək çıxıb.
Ədibin “Ağac kölgəsində”, “Ədalət qapıları”, “Köhnə dudman”, “Yoldaş Koroğlu” pyeslərində, “Söhbət”, “Diş ağrısı”, “İanə” və b. hekayələrində Azərbaycan cəmiyyətində olan mənfi hallar, çatışmazlıqlar kəskin tənqid olunur.

Bütün həyatını xalqımızın maariflənməsinə həsr edən Əbdürrəhim bəy Haqverdiyev ictimai fikir tarixində bənzərsiz, özünəməxsus iz buraxmışdır.

Həmid Əhədli

Bütün xəbərlər Facebook səhifəmizdə