Aprelin 11-14-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində XII Beynəlxalq “Umid” kinoforumu keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, ənənəvi kino tədbirində ölkəmiz iki ekran əsəri – Azər Quliyevin “Sanki yoxsan” və Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” ilə təmsil olunub.
“Sanki yoxsan” filmi münsiflər heyəti və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilərək beynəlxalq müsabiqənin baş mükafatına – Qran-Priyə layiq görülüb.
Azərbaycan və Fransanın birgə istehsalı olan “Sanki yoxsan” filminin quruluşçu rejissoru Azər Quliyev, baş prodüseri Mehman Fətullayev, prodüseri Əli-Səttar Quliyev, quruluşçu rəssamı Quram Navrozaşvilidir. Eyni zamanda, Azərbaycan nümayəndə heyəti tərəfindən beynəlxalq kinoforumda ermənilərin ölkəmizə qarşı növbəti təxribatının qarşısı alınıb.
Qeyd edək ki, kinoforuma qatılan və ölkəmizə qarşı təxribata cəhd edən bədnam qonşularımızın niyyətləri boşa çıxarılıb. Layihənin müsabiqə proqramına Ermənistandan təqdim olunan “David bağı” adlı sənədli film Azərbaycan nümayəndə heyəti tərəfindən təhlil edilib və onun xalqlar arasında münaqişənin kəskinləşməsinə səbəb ola biləcək zərərli mesajlar verdiyi müəyyənləşdirilib. Bununla bağlı, beynəlxalq tədbirin təşkilat komitəsinə müraciət olunub. Bildirilib ki, filmdə Azərbaycan ərazilərinə aid toponimlər məqsədli şəkildə təhrif edilərək erməni yer adları kimi təqdim olunur. Müraciətdən sonra nifaq dolu film forumun proqramından çıxarılıb. Bu qərarla bağlı məlumat kinoforumun rəsmi saytında və bir sıra media orqanlarında dərc olunub.
Xatırladaq ki, Fransanın “LaLuna” şirkətinin istehsalı olan “Sanki yoxsan” filmi ötən ilin may ayında 77-ci Kann Beynəlxalq Film Festivalının qısametrajlı filmlər müsabiqəsində nümayiş etdirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə