Bu ilin may ayında Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək. SİA xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumunda bildirib.
Xatırladaq ki, ötən il mayın 4-5-də Bakıda Milli Xalça Festivalı təşkil olunub.
"Biz bu festivalı qlobal səviyyəyə qaldırırıq. "Azərxalça" ASC və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil olunacaq tədbirdə xalçaçılıq üzrə beynəlxalq forum, ustadlar sinfi, canlı nümayiş və nadir xalçaların sərgisi, eləcə də "Made in Azerbaijan" brendi təqdim olunacaq. Sizi bu maraqlı tədbirə dəvət edirəm", - deyə o qeyd edib.
Bundan başqa, AZPROMO rəhbəri deyib ki, bugünki biznes forum iki ölkə ölkə arasında biznes əlaqələrini gücləndirəcək: "Ötən il biz Madrid Ticarət, Sənaye və Xidmətlər Palatası ilə Anlaşma Memorandumu imzalamışıq ki, bu da institusional əməkdaşlığı gücləndirib. Biz həmçinin sektoral tərəfdaşlığı inkişaf etdirdik, nəqliyyat və suyun şirinləşdirilməsi də daxil olmaqla infrastruktur layihələri üzrə müzakirələri koordinasiya etdik, şərabçılıq sahəsində əməkdaşlıq imkanlarını araşdırdıq, müdafiə və mühəndislik sahələrində sazişləri təşviq etdik".
Bütün xəbərlər Facebook səhifəmizdə