Tbilisidə “İqlim diplomatiyası: COP29 mirası” adlı tədbir keçirilib

Tbilisidə “İqlim diplomatiyası: COP29 mirası” adlı tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki,tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Azərbaycanın “Gənclərin Töhfəsi” İctimai Birliyi və Gürcüstanda “Yaşıl Ay Gürcüstan” Qeyri-Hökumət təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Sonra COP29-la bağlı sənədli film nümayiş olunub.

“Yaşıl Ay Gürcüstan” təşkilatının nümayəndəsi Həcər Mustafayeva və “Gənclərin Töhfəsi” İB-nin nümayəndəsi Məshəti Hüseynova qarşıda duran vəzifələr və məqsədlər, görülən işlər və əldə olunan uğurlar barədə məlumat veriblər.

Bildirilib ki, keçən ilin noyabrında Bakıda keçirilən COP29 beynəlxalq konfransında bir sıra mühüm məsələlər müzakirə olundu və çox vacib qərarlar qəbul edildi.

COP29-un nəticələri və mesajları əsasında iqlim diplomatiyasının gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizədə yeni yanaşmaların təşviqi, vətəndaş cəmiyyətinin iştirakının artırılması və regional əməkdaşlığın möhkəmləndirilməsi də əsas məqsəd kimi qarşıya qoyulmuş məsələlərdəndir. Hər iki ölkənin qeyri-hökumət təşkilatları da öz növbəsində bu işə öz töhfəsini verməkdə qərarlıdır. Tbilisidə belə konfransın təşkil olunmasının məqsədi COP29 barədə ətraflı məlumat vermək, bu ölkədə yaşayan soydaşlarımızın da ətraf mühitin mühafizəsində rolunu artırmaq, bu sahədə birgə əməkdaşlığı gücləndirməkdir.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Samir Əbdürəhimov, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyin Yusifov, “Alyans” GB-nin sədri Leyla Əmrahova və başqaları çıxış edərək COP29-la bağlı fikirlərini bölüşüb, bütün xarici təzyiqlərə, maneələrə baxmayaraq, Azərbaycanın bu tədbiri çox yüksək səviyyədə təşkil etdiyi qeyd edilib. Bildirilib ki, COP29 konfransında BMT-nin Baş katibinin, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, 80-dən çox dövlətin yüksəkvəzifəli şəxslərinin iştirakı bu deyilənləri sübut edirdi.

GAK sədri COP29-la bağlı məlumatların gürcü ictimaiyyətinə çatdırılmasında Gürcüstandakı Azərbaycan mətbuatının, xüsusən AZƏRTAC-ın rolunu vurğulayıb.

Sonra tədbir panel müzakirələrlə davam edib, gəncləri maraqlandıran suallara aydınlıq gətirilib. Sonda ətraf mühitin mühafizəsi, iqlim məsələlərinin gündəmə gətirilməsi məsələlərində fərqlənən şəxslərə plaketlər və sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə