Dünya gündəmini zəbt edən iqlim dəyişikliyi və davamlı inkişaf məsələləri ətrafında Bakı müzakirələri davam edir. Ekoloji problemlərdən çıxış yolları axtarılmasının vacibliyini və COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini paytaxtımızın qonaqları da etiraf edirlər. Onlar Bakının yaşıllığından və mətbəxindən də həvəslə danışırlar. SİA xarici qonaqların COP29-la bağlı fikirlərini öyrənib:
Xarici qonaq Shania Asher: “Mən Pakistandan gəlmişəm və ilk dəfədir COP konfransında iştirak edirəm. Pakistanda olan iqlim problemlərini həll edə bilmək üçün əməkdaşlar tapmağa gəlmişəm. Pakistanda havanın çirklənməsi ciddi problemdir. Biz isə çalışırıq ki, gələcək nəsillərə daha təmiz dünya təqdim edək. COP29-dan əsas gözləntimiz yaxşı əməkdaşlar tapmaqdır. Hansı ki, həmin əməkdaşlar iqlim dəyişmələri mövzusunda bizə dəstək ola bilərlər. Azərbaycanı, Bakı şəhərini və insanları çox bəyəndim. Xüsusilə də biz dil problemi yaşamağımıza baxmayaraq, hər kəs bizə kömək etməyə çalışdı”.
Xarici qonaq Hyun Woo Jang: “Bakını çox bəyəndim, hər yer çox təmizdir. Eyni zamanda COP29-a da çox yaxşı hazırlaşmısız. Mən Koreyadan gəlirəm və COP-da ilk dəfədir ki, iştirak edirəm. “Mavi zona”da bir çox sessiyalarda iştirak etmişəm, diqqətçəkən müzakirələr aparılır. Bütün pavilyonları bəyəndim, hər birində COP-u hiss etmək mümkündür. Hələ ki, müzakirələrimiz davam edir və düşünürük ki, yaxşı nəticələr əldə edəcəyik”.
Xarici qonaq Josephine Udonsi: “Nigeriyadan gəlmişəm, Polşada baş tutan COP konfransında da iştirak etmişəm. Lakin təşkilatçılıq baxımından iki COP konfransı arasında çox böyük fərq var. Çünki Azərbaycanda təşkilatçılıq yüksək səviyyədədir, burada özümü çox xoşbəxt və rahat hiss edirəm. Düşünürəm ki, COP-da hər hansı ölkənin deyil, bütövlükdə dünyanın problemlərinə diqqət çəkmək lazımdır. Bakı isə çox gözəl və təbiidir. Azərbaycanda çox səmimi mühit var”.
Xarici qonaq Wilbert Hordijk: “İlk dəfədir COP-da iştirak edirəm, bura Niderlanddan gəlmişəm. Bütövlükdə COP29-u çox bəyəndim, burada hər yaş qrupundan insanlar var. Eyni zamanda həm dövlət, həm də özəl sektor burada aktiv formada iştirak edir. Biz çalışmalıyıq ki, bir qərar qəbul edək və ümidlərimizi həmin qərarın həyata keçirilməsinə bağlayaq. Bakını isə çox bəyəndim. Xüsusilə Bakı bulvarı çox gözəldir, bu gün orada Günəşin doğuşunu izlədim. Düşünürəm ki, bu bir işarədir və biz öz ümidimizi tapacağıq”.
Xarici qonaq Du Xinmei: “Çindən gəlmişəm və COP29-dan ümidlərim böyükdür. Bizim şirkətimiz çay və kofe qablarının ətraf aləmə vurduğu ziyanı azaltmağa yönəlib. COP29-dan gözləntilərimiz iqlim dəyişmələri ilə bağlı məsələlərin bir çoxunun həllinə nail olmaqdır. Qeyd etməliyəm ki, COP29-da Dubayda keçirilən COP28-dən daha çox insan iştirak edir. Bu isə problemlərin daha geniş şəkildə həllinə imkan yaradır. Mən Azərbaycanı “Formula 1”ə görə tanıyırdım və idman ölkəsi olduğunu düşünürdüm. Lakin Bakı Avropa və Asiyanın birləşməsinə bənzəyir. Hansı ki, burada həm tarix, həm də gələcək var”.
Bütün xəbərlər Facebook səhifəmizdə