COP29-da iqlim maliyyələşməsi və bu sahədə Azərbaycanın mühüm rolu xüsusi diqqət mərkəzindədir.
SİA-nın məlumatına görə, bu sözləri Böyük Britaniyanın Lafboro (Loughborough) Universitetinin professoru və İqlimə Uyğun İnkişaf Proqramının (The Climate Compatible Growth Programme) direktoru, akademik Mark Hovells deyib.
Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayan Mark Hovells bildirib: “COP29-da keçirilən məhsuldar görüşlər iqlimlə bağlı təşəbbüsləri həyata keçirmək üçün çox yaxşı mühit yaradır. COP29 digər iqlim konfranslarından fərqlənir, çünki bu dəfə əsas diqqət ambisiyaların reallığa çevrilməsinə yönəlib”.
Britaniyalı akademik iqlim maliyyələşdirilməsində böyük maneələrin olduğunu qeyd edib. “Maliyyə vəsaitlərinin mövcudluğuna baxmayaraq, ölkələrin investisiya planlarını strukturlaşdırması və hökumət səviyyəsində qəbul edilə bilən xərclər-faydalar təhlilinə çevrilməsi çətindir. Bu prosesin sadələşdirilməsi üzərində çox iş aparılır, çünki bir çox iqlim investisiyaları, əslində, çox sərfəlidir”, - deyə o əlavə edib.
O, həmçinin “Data to Deal” (Datadan Müqaviləyə) adlı ümumi mövzuya diqqət çəkib. Deyib ki, bu təşəbbüs məlumat toplamaqdan başlayaraq təhlil aparmaq, siyasəti uyğunlaşdırmaq, xərclər-faydalar təhlili aparmaq və maliyyə institutları ilə əməkdaşlıq quraraq layihələrə maliyyə cəlb etməyə qədər bütün mərhələləri əhatə edir. Akademik vurğulayıb ki, bu proseslərdə yerli mütəxəssislərin iştirakı olduqca əhəmiyyətlidir. "Bütün bunların yerli insanlar tərəfindən idarə olunması çox vacibdir, ona görə də biz yerli bilikləri siyasət, planlar və biznes müqavilələrinə çevirmək üzərində çalışırıq”, - deyə Hovells diqqətə çatdırıb.
COP29-dakı təşkilatçılıqla bağlı sualı cavablandıran M. Hovells tədbirin məkanının çox əlçatan olduğunu və iştirakçılara kömək edən könüllülərin böyük dəstək verdiklərini vurğulayıb. “Bu tədbir məkanında hər şeyi tapmaq asandır və hər nöqtədə sizə istiqamət verən köməkçiləri görmək mümkündür. Bu, çox xoş mühit yaradır”, - deyə akademik bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə