“Moldova Respublikası vətəndaşları adından sizə müraciət etmək mənim üçün böyük şərəfdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm”.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Moldova Respublikasının Prezidenti Maya Sandu deyib.
Onun sözlərinə görə, ölkəsi iqlim dəyişikliyi ədalətsizliyinin parlaq nümunəsidir. Bildirib ki, Moldovanın qlobal tullantılara töhfəsi 0,03 faiz olsa da, bu ölkə Avropanın iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ən həssas regionudur.
“Temperaturun yüksəlməsi, uzun sürən quraqlıqlar, eləcə də gözlənilməz və güclü yağıntılar buğda və qarğıdalının məhsuldarlığını azaldır, Moldovanın iqtisadiyyatı və irsi üçün vacib olan üzüm bağları isə yeni problemlərlə üzləşir. Suya çıxış getdikcə çətinləşir, bu da həm kənd təsərrüfatına, həm də gündəlik həyata təsir edir. Dünyadakı kiçik və inkişaf etməkdə olan iqtisadiyyatlar çox vaxt bərpa üçün lazımi resurslara malik olmadığından bu yükü bölüşürlər. Bu, həssas ölkələrə üstünlük verən və onların davamlılığını artıran ədalətli və əlçatan iqlim maliyyələşmə sisteminə təcili ehtiyacı vurğulayır. İnkişaf etmiş ölkələrin dəstəyinə ümid etmək olduqca ədalətlidir”, - deyə M.Sandu bildirib.
Moldova Prezidentinin sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini sürətləndirmək üçün mövcud fondlar və proqramlar bürokratik prosesləri yüngülləşdirməlidir.
“Moldovada biz karbon qazı emissiyalarının azaldılmasına öz töhfəmizi veririk. İqtisadiyyatımızı çökdürən Rusiya-Ukrayna müharibəsinin yaratdığı çoxsaylı böhranlara baxmayaraq, biz daha yaşıl gələcəyə sadiqliyimizi nümayiş etdirərək milli meşəsalma proqramına - meşələrin sahəsini 5 faiz artırmaq cəhdinə başlamışıq. Resursların məhdudluğuna baxmayaraq, biz bu məqsədi planetin və gələcək nəsillərin sağlamlığı, havanın keyfiyyətinin, biomüxtəlifliyin və torpaqların yaxşılaşdırılması üçün həyata keçiririk.
Son qlobal enerji böhranları bizi tez hərəkət etməyə məcbur etdi. Biz enerji səmərəliliyi hesabına istehlakı azaldırıq və bərpaolunan enerji mənbələrindən istifadəni genişləndiririk. Lakin meşələrin salınması və karbonsuzlaşdırma baha başa gəlir və daha ardıcıl dəstəklə biz bu ekzistensial səyləri sürətləndirə bilərdik.
Qlobal istiləşmə biz digər böhranları həll edənə qədər gözləməyəcək. Planetin böyük ərazilərini yaşayış üçün yararsız hala gətirmək riski ilə hərəkətə keçməsək, tarix bizi mühakimə edəcək. Bizim bugünkü həmrəyliyimiz Yer kürəsinin gələcəyini müəyyən edəcək”, - deyə Moldova Prezidenti qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə