COP29-un Azərbaycanda təşkili ən yüksək səviyyədədir

Biz iqlim sammitində böyük nümayəndə heyəti ilə iştirak edirik və COP29-da öz pavilyonumuzu açmışıq. Burada iqlim dəyişikliyi ilə bağlı ümumi və regional məsələləri müzakirə edirik.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev jurnalistlərə açıqlaması zamanı deyib.

Qırğızıstanın Milli Pavilyonu COP29-un Mavi Zonasında təşkil olunub.

“Mən ilk dəfədir Tərəflər Konfransında iştirak edirəm. Ölkəmiz ilk dəfə öz pavilyonunu COP-un məhz bu sessiyasında təqdim edib. Biz çox şadıq ki, qardaş Azərbaycan torpağında belə əlamətdar hadisə baş verir. Ölkəmiz dəfələrlə müxtəlif konfranslarda iştirak edib, amma COP29-un Azərbaycanda təşkili, deyərdim ki, ən yüksək səviyyədədir. Azərbaycan qlobal məsələləri müzakirə etmək üçün dünyanın hər yerindən xalqların nümayəndələrini bir araya gətirir. İqlim dəyişikliyinin yaratdığı problemlər ildən-ilə daha da ciddiləşir. Bu gün bütün dünya və biz başa düşürük ki, iqlim dəyişikliyi hansısa mücərrəd təhlükə deyil, artıq reallıqdır. Buna görə də biz iqlim dəyişikliyi ilə mübarizə aparmalıyıq”, - deyə Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə