“Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzu çox yüksəkdir. Azərbaycan ədalətli mövqeyi ilə yalnız regionun deyil, dünya dövlətlərinin də yanındadır. Hansı ki, həmin dövlətlər Fransanın kolonya halında saxladığı dövlətlərdir və onlar bu gün Azərbaycana ümid işığı kimi baxırlar. Azərbaycan güclü dövlətdir və onun gücündən, ədalətindən hamı yararlanmağa çalışır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib.
Deputat bildirib ki, dövlət başçısı parlamentdəki çıxışı zamanı qeyd edib ki, “kim güclüdür o da haqlıdır” prinsipi dünyada təəssüf ki, çox inkişaf edib: “Azərbaycan isə öz ədalətli mövqeyini heç bir zaman gizlətmir. Bu gün Azərbaycan regionda və dünyada çox güclü dövlətdir. Buna görə də dünyanı narahat edən məsələlərin həllini özündə cəmləşdirən COP29 kimi mühüm əhəmiyyətli, genişmiqyaslı tədbirin güclü dövlətdə keçirilməsi, 200-ə yaxın dövlətin nümayəndələrinin Azərbaycana gəlməsi onların bir daha bizim necə sivil, ədalətli və güclü dövlət olduğumuzu görmələrinə şərait yaradacaq. Eyni zamanda qanunvericilik sahəsində də bir çox dəyişikliklərin aparılması labüd olacaq.
Ölkəmizdə COP29-la bağlı görülən işlər, atılan addımlar da göz qabağındadır. Bu tədbir Azərbaycana böyük divident gətirəcək. Dövlətimizin ev sahibliyi etdiyi bütün beynəlxalq əhəmiyyətli, qlobal tədbir və konfranslar uğurumuza uğur qatıb. Ümid edirik ki, COP29 da bu tədbirlərdən biri olacaq. Dünyanın 198 ölkəsindən gələn nümayəndələr Azərbaycan haqqında daha dolğun, düzgün məlumat alacaqlar.
Bu gün Azərbaycan dünyaya yaşıl enerji istehsal etməyi planlaşdıran dövlətdir. Azərbaycan həm COP29-un mahiyyətini dərindən anlayır və konfransın gedişatına öz töhfələrini verəcək. Bütün bunlar Azərbaycan dövlətinin, xalqının və Ali Baş Komandanın uğurudur”.
Bütün xəbərlər Facebook səhifəmizdə