"COP 29-un təşkil edilməsi beynəlxalq nüfuzumuzun növbəti təsdiqidir" - ŞƏRH EDİLDİ
“BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro(Braziliya) şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.
O bildirib ki, COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur.
Məlum olduğu kimi 2024-cü ilin 11-22 noyabr tarixlərində ölkəmizdə çox əhəmiyyətli beynəlxalq tədbir - COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı)konfransı keçiriləcək. Bu tədbir həm öz əhatə dairəsinə, həm iştirak edəcək qonaqların sayına, ehtiva etdiyi məsələlərin əhəmiyyətinə görə çox böyük nüfuzlu tədbir olaraq dəyərləndirilir. Belə mötəbər tədbirə ev sahibliyi etməsi üçün etimad göstərilməsi Azərbaycanın nüfuzunu, gücünü, qüdrətini ortaya qoyur. COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq 2023-cü ilin dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin imzaladığı Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Prezident cənab İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030:Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlıdır. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyur. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Dünyada tanınmış və təsdiq edilmiş nüfuz sahibi olan ölkədə belə tədbirin keçirilməsi ancaq məqsədəuyğun ola bilərdi ki, bunun üçün də Azərbaycan seçilib.Ümumiyyətlə, Azərbaycanın həm beynəlxalq aləmdəki nüfuzu, həm də ölkə daxilindəki stabil siyasəti, əminamanlıq, demokratik dəyərlərə verilən qiymət beynəlxalq təşkilatların ölkəmizə olan marağını və istəyini də artırmaqdadır. Buna görə də Azərbaycan ev sahibliyi edəcəyi bu toplantıda düşünürük ki, bir daha nüfuzunu, əhəmiyyətini nümayiş etdirə biləcəkdir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi həm də,beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Nəzərə almaq lazımdır ki, COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli konfranslarında biridir. Azərbaycanın bu konfransa Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Bu konfrans Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Beynəlxalq konfransın Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.
Bundan əlavə Azərbaycan Respublikası Prezidenticənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub.Qazandığımız şanlı zəfərlər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edib və növbəti sədrliklərə uğurlu miras buraxıb. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Bu, beynəlxalq birlik tərəfindən də qəbul edilib və təqdirlə qarşılanıb. Belə dünya səviyyəli və böyük tədbirləri təşkil etmək üçün ilk növbədə müasir infrastruktur və təhlükəsizlik əsas amillər arasında yer alır. Azərbaycan hər iki amilə malik azsaylı dünya ölkələrindən biridir.
Eyni zamanda bu konfransın ehtiva etdiyi məsələlər bu gün bütün dünyanı düşündürən, narahat edən məsələlərdir ki, bu problemlərin də həlli yollarının vacibliyini hər zaman Azərbaycan irəli sürmüşdür. Ölkə Prezidenti cənab İlham Əliyev bütün müvafiq beynəlxalq tədbirlərdə ekoloji tarazlığın qorunması, dünyada ekologiyanın inkişaf etdirilməsinin ümumilikdə bəşəriyyət üçün verdiyi dəyəri hər zaman qırmızı xətlə irəli sürmüşdür.
Sadəcə ekoloji tarazlıq təbiətin qorunması faktorlarını ancaq təbiət hadisəsi deyil, eyni zamanda biz bunu geniş siyasi müstəvidə də dəyərləndirməliyik. Bu gün ekologiyanın, tarazlığın qorunması gələcəkdə dünya insanının həyatının təhlükəsizliyinin təmin edilməsi mənasını da özündə əhatə edir. Bir daha düşünürük ki, bu, çox əhəmiyyətli konfransdır.
Sözügedən tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə vediyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biqanə qalmadığını göstərir. Statistik göstəricilər də Azərbaycanın niyyətini ortaya qoyur. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35% azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40% azaldılmasından ibarətdir. Ermənilərin işğal zamanı viran qoyduqları ərazilərimiz də bu hədəflərdən kənarda qalmayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ölkəmiz belə nüfuzlu beynəlxalq tədbirə ciddi hazırlaşır. Prezident cənab İlham Əliyevin Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli 29-cu toplantının iştirakçılarına müraciətində bildirmişdir ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, “yaşıl”, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səyini əsirgəmir. Paytaxtımız COP29 kimi nüfuzlu tədbirə ciddi hazırlaşır, şəhərdə genişmiqyaslı abadlıq-quruculuq tədbirləri sürətlə həyata keçirilir. Hazırda paytaxtımızda küçə və prospektlər, yollar, yaşayış və inzibati binaların fasadları, dam örtükləri, eyvanlar təmir edilir, rənglənir, səki kənarlarına yeni bardürlər quraşdırılır, yol kənarlarına dekorativ daş döşənir. Sadalananlarla yanaşı, köhnə parklar yenilənir, şəhərimizin müasir inkişaf səviyyəsinə və memarlıq üslubuna uyğun dizaynda yenidən qurulur, müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılır, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarələr abadlaşdırılır, istirahət guşələrində güllər və həmişəyaşıl kollar əkilir. Hazırda şəhər ərazisində 10 meqa park salınır, bəzi parkların ərazisi artırılır. Ölkə başçısının müvafiq sərəncamı ilə Mərkəzi Nəbatat və Mərdəkandakı Dendralogiya parklarında əsaslı təmiryenidənqurma işləri görülür, bu istirahət məkanlarının ərazilərində yeni yaşıllıq sahələri yaradılır, istismara yararsız, parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ləğv edilir. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir olunur, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydançası yaradılır.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq tapşırığı ilə Bakıda parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə ardıcıl tədbirlər davam etdirilir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Yeni parkların salınması, köhnələrinin müasirləşdirilməsi COP29-a evsahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır. Paytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində istismar müddəti bitmiş qəzalı bina və tikililər də sökülür və həmin ərazilərdə parklar salınır. Bu da öz növbəsində paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradır.
Bildirək ki, hazırlıq işləri çərçivəsində ölkəmizə səfər edəcək çoxsaylı rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin edilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən bir sıra addımlar atılır.COP29 iştirakçılarının viza müraciəti prosesini sadələşdirərək onların Bakıya səfərlərinin rahat və səmərəli şəkildə təmin edilməsi məqsədilə COP29 xüsusi vizasının əldə edilməsi üzrə müvafiq portal istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “ASAN Viza” portalının COP29-la bağlı xüsusi viza müraciəti modulu www.evisa.gov.az/cop29 yaradılıb.
Göründüyü kimi, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməyimiz göstərir ki, daha əvvəl də nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan üçün COP29 növbəti mərhələ olacaq. Bu mərhələ bütün dünyaya bir daha Azərbaycanın nüfuzlu beynəlxalqsimasını, bu istiqamətdə verdiyi yüksək səviyyəlidəyərlərin nümayişinə çevriləcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə