Azərbaycanın yaşıl enerji siyasəti nümunəvi məcradadır - Professor Yaşar Musayev:
Azərbaycanın bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisini əhatə edir. Ölkənin yaşıl enerji potensialı düzgün dəyərləndirilib və bu sahədəki dövlət siyasəti nümunəvi məcradadır. SİA xəbər verir ki, Almaniyada fəaliyyət göstərən Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin, Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri, “Şeffler” şirkətinin senior vitse-prezidenti, “Siemens Energy” şirkətində yaşıl texnologiyalar üzrə bölmə müdiri, texnika elmləri doktoru, professor Yaşar Musayev bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında təşkil olunan "Yaşıl enerji istehsalında problemlər və perspektivlər" mövzusunda seminar-məruzədə ifadə edib.
Çıxışında "Yaşıl hidrogen" prosesinin ümumdünya faydalılığına geniş yer ayıran professor Yaşar Musayev diqqətə çatdırıb ki, yaşıl enerji istehsalında iridium elementinin təkrar emalı onun təbiətə mənfi təsirinin qarşısının alınmasında mühüm və vacib əhəmiyyətli məsələdir. Əminəm ki, Azərbaycan yaşıl enerji siyasətində lider dövlətlər sırasında olacaq.
Xatırladaq ki, sözügedən seminar-məruzə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və möhtəşəm COP-29 tədbiri ilə əlaqədar keçirilib.
ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev keçirilən tədbirinin mövzusunu və mahiyyətini olduqca yüksək dəyərləndirib və professor Yaşar Musayevə “Fəxri Diplom” təqdim edib.
SƏBİNƏ
Bütün xəbərlər Facebook səhifəmizdə