Oxu(t)muram, əl çəkin! - KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Son illərdə ali məktəblərə qəbul üçün keçid ballarına baxanda bişmiş toyuğun gülməyi gəlir. 200-300 balla ali məktəbə qəbul olunur. Bu da o deməkdir ki, ali məktəbə daxil olan tələbə 5 ballı sistem üzrə 1 və 2 qiymətlərlə imtahandan keçmiş olur! Hələ bunlar orta təhsilin seçilmişləri, savadlıları, özünə inananlarıdır. Konkret desək, orta təhsil sıradan çıxmışdır!

İndi keçək bunun səbəblərinə. Niyə təhsildə getdikdə tənəzzül baş verir? Əvvəla, başlayaq bir az uzaqdan- Sovet İttifaqının dağılmasından. 90-cı illərin əvvəllərində ölkədə iqtisadi, sosial böhranlar başladı, işsizlik tüğyan etdi, hiperinflyasiya baş verdi. Ali təhsil almış kadrlar 5-10 manat gülünc maaşa işləyərkən təhsilsizlər alverə, sex açmağa filana girişərək varlandılar. Nəticədə, əhalidə təhsilə maraq azaldı.

Üstəlik, regionlarda yaşayan insanların gərlirləri azaldığından Bakıda uşaq saxlamaq və oxutmaq əksəriyyət üçün əlçatmaz oldu. Dünyanın ən bahalı şəhərlərinin biri olan Bakıda tələbənin yaşayış, yemək, nəqliyyat və digər xərclərini ödəməyə heç valideynlərin bütün əməkhaqqı belə çatmazdı. Sovet dövründə tələbələrin yaşadığı yataqxanalar artıq qaçqınlar və köçkünlər tərəfindən tutulduğundan tələbə valideyninin bütün maaşını kirayəyə verməli idi.

Sonralar iqtisadi, sosial vəziyyət nisbətən yaxşılaşmağa başladı, amma yenə də ali təhsil bütün ailələr üçün əlçatan deyildi. Üstəlik, dövlət ali təhsil müəssisələri getdikdə pullu təhsil hissəsini artırırlar və pulsuz təhsil yerləri azalır.

Hər halda indi orta məktəbdə normal təhsil almaq üçün hər cür şərait var. Bəs müəllimlər niyə məktəblilərə normal təhsil verməkdə maraqlı deyillər? Çünki keçmiş təhsil naziri Misir Mərdanovun dediyi kimi, minimum əməkhaqqı məbləğində alan müəllim dərs keçməkdə maraqlı ola bilməz. Onun fikri evində olan çoxsaylı problemləri bu cüzi maaşla necə həll edəcəyidir. Ona görə də, dərsi başdansovdu yola verib evinə tələsir ki, bir az istirahət edib, axşam repetitorluqla 5-10 manat əlavə pul qazansın ki, ailəsi acından ölməsin. Ali məktəblərə orta və yuxarı balla qəbul olanların çoxu isə məktəblrin yox repetitorların, hazırlıq kurslarının əsəridir. Məktəb, sadəcə, formal olaraq mövcuddur.

Bəs uşaqlar niyə məktəbdə təhsil almaqda maraqlı deyillər? Burada çoxsaylı səbəblər var. Kənd yerlərində uşaqlar təsərrüfat işlərində valideynlərinə kömək etməyə məcburdurlar. Əks halda dilənçi vəziyyətinə düşərlər. Ona görə də, tədris ilinin çox hissəsini məktəbə gəlmirlər, gələndə də, dərslik halları qalmır.

Şəhərlərdə uşaqlar vaxtlarını internetdə, mobil telefonlarda min oyundan çıxmaqda, televiziyanın qabağında keçirməkdə daha çox maraqlıdırlar. Valideynlərin çoxu uşaqlarına mütləq azadlıq verib.

Uşaq da əyləncəni qoyub dərsi niyə oxusun ki? Ağzında uşaq deyirsən. O nə bilir ki, bu gələcəkdə ona hansı problemlər yaradacaq? Axı hələ ki, hər şey müftə gəlir, atası bahalı telefon, kompüter alır, “məktəbi bitirən kimi sənə maşın alacam” deyə söz verir, anası seriala baxmaqdan vaxt tapıb ona həyatı başa salmır, yalnız uşağın az yemək yediyindən narahat olur.

Orta təhsil sistemi iflasa uğramasının səbəblərini təkcə Təhsil Nazirliyində axtarmaq lazım deyil, həm də valideynlərin özlərində axtarmaq lazımdır. Hər halda, bu ölkədə tam orta təhsil pulsuzdur, dərslikləri pulsuz verilir, məktəblər zəruri ləvazimat və avadanlıqlarla təmin edilir.

O zaman valideyni ağıllı olan, özü isə təhsil almaq istəyən uşaq savadsız ola bilməz. Hər şey dərsliklərdə yazılıb, bilmədiyini isə müəllimdən soruşmaq olar. Məncə, məsuliyyətin çox böyük hissəsi birbaşa valideynlərin üzərinə düşür.

Valideynlərin çoxu uşağın həqiqi bilik əldə etməsinə deyil, diplom almasına çalışır. Başa düşmür ki, amansız kapitalizm şəraitində uşağın əlindəki o kağız parçası ona kömək olmayacaq, işəgötürənlərə bacarıqlı, savadlı kadrlar lazımdır. Belədə həmin diplomlular ordusunun çoxu işsiz qalır, ya da ən yaxşı halda hardasa fəhləlik, sürücülük, satıcı işi tapırlar.

Göründüyü kimi, təhsilimizin bərbad gündə olması üçün çoxsaylı səbəblər var. Nə qədər ki, təhlil sisteminin başında fasiləsiz və nəticəsiz eksperimentlər aparılır, nə qədər ki, cəmiyyət olaraq təfəkkürümüz, gələcəyə baxışımız dəyişməyib, bu problem həll olunmayacaq.

1-2 qiymətlə universitetə daxil olub, orada 4 il vaxt itirib, bir "kağız parçası" ilə çıxmaqdansa, uşaqları yönəldin peşə məktəblərinə, kurslarına, imkan verin bir sənət, peşə öyrənib həyatda öz bacarıqlarını realizə etsinlər. Bununla özlərinə və cəmiyyətə daha faydalı olarlar.

Bütün xəbərlər Facebook səhifəmizdə