Bu gün səhər işə gələndə yaxından-uzaqdan tanıdığım bəzi insanların gözləmədiyim davranışları ilə qarşılaşdım. Kimə salam verdimsə könülsüz cavab verdilər, kefini-əhvalını soruşduqlarım mızıldandılar, düz-əməlli də bilmədim ki, nə dedilər. Biri lap ağını çıxaran hərəkət etdi. Nə olub, niyə qanın qaradır, nəsə olub, - sualıma başını əndrəbadi şəkildə yelləyib, əllərini ölçə-ölçə - görmürsən qış gəlir ey, qış,- deyə bildirdi. Açığı çaşdım, mən də dodağımın altında mızıldandım - nə olsun ki, qış gəlir? Gəlişi mübarək olsun. Üzlərə sevinc, qəlblərə fərəh gətirsin. Həm də fikirləşdim ki, qış gələr hər tərəf ağ örpəyə bürünər, ağlibaslı məsum körpələrimiz ağ çəmənlərə çıxıb qartopu oynayarlar, qar adamı düzəldib şənlənərlər. Tez də xəyallar aləmindən ayılıb, tədricən salam-kəlam etdiyim kasıb təbəqədən olan insanların niyə qanlarının qara olduğunu anlamağa başladım. Başa düşdüm ki, qış fəsli gələndə aztəminatlı ailələrin problemləri də artır. Qapını soyuqlar kəsdirəndə küçələrimiz keçilməz olur, fürsətcil işbazlar ərzaq məhsullarının qiymətlərini bahalaşdırırlar, kasıbın kommunal ödənişləri ödəməkdə çətinlikləri yaranır. Bu baxımdan, qış fəsli bezdirici olur, özü ilə çoxsaylı qayğılar və problemlər gətirir.

Araşdırmalar əsasında təsdiq olunub ki, qış fəslinin qar-çovğunu evlərə daxil olub "tanqo" rəqsinə başlayanda kasıb ailə başçısı kövrək və qayğılı olur. İnanın həmin məqamda dərinə gedib kasıbı çək-çevir etsən hönkür-hönkür ağlayar. Deyərlər ki, "mən tifillərimi qışdan yaza necə çıxaracam?". Hıçqıra-hıçqıra "başıma haranın daşını salım, kommunal ödənişlər ceyran belində, ərzaq məhsulları qan-qan deyir, banklar da bir tərəfdən nəfəsimizi kəsib", - deyə söylənər. Səsi eşidilsə Allaha yalvarıb, dua edər ki, "nə olar, ay Allah, il boyu yay olsun". Nə də olsa yayda ucuz mer-meyvə var, "Azəriqazın" təbii qazına da bir o qədər ehtiyac yoxdur, elektrik enerjinin limiti də vecinə deyil, küçələrin tozlu-torpaqlı olması da kasıbın kefinə acı soğan doğramır. Hətta bəzən elə şeşələnir ki, evində hazırladığı biş-düşdən götürüb, meşəyə gedir və ailə-uşaqları ilə dincəlir. İnsanlar tanıyıram ki, həmin məqamda o dərəcə də özünü xoşbəxt hesab edir ki, sayı-hesabı bilinməyən şəkillər çəkdirib, onları tik-tokda, facebook-da və digər sosial şəbəkələrdə paylaşır. İzləyənlərdə elə güman edirlər ki, meşə, çay və ya dəniz kənarında dincəlib hadisə yerindən partapart şəkil paylaşan hansısa imkanlı bəxtəvərdir. Kasıb hissə o dərəcədə qapılır ki, qarşı aylarda onu hansı çətin imtahan, keçilməz sədd gözlədiyini qafasına yerləşdirə bilmir. Elə güman edir ki, dənizdə çimib, meşədə gəzib, cır mer-meyvə ilə qarnını doyurmaq kefi tükənməyəcək. Ancaq və lakin zaman öz oxu ətrafında fırlanır və şkalanın oxu qış fəslini göstərir. Bu zaman kasıbın qara günləri başlayır. "Azəriqaz" elə toy-büsat qurur ki, kasıb soyuq mənzilində istilənmək üçün atlanıb, düşməklə müxtəlif rəqsləri göstərməkdən başqa çarəsi qalmır. Bu yandan da işıqlar tez-tez sönür, suyun verilişində fasilələr yaranır, çölə çıxıb, işə və ya bazar dükana getmək istəsən nəqliyyat problemi ilə üzləşirsən. Beləcə saflıq və gözəllik rəmzi kimi tərənnüm edilən qarın dadını çıxar bilmirsən və qeyri-ixtiyarı o fikri səsləndirirsən "qışın gəlişini və qarın yağmasını istəmirəm, qoy həmişə yay olsun". Lakin tarixin təkərini geri döndərmək mümkün olmadığı kimi, zamanın da gərdişini dəyişmək mümkünsüzdür. Qışa hazır olun... Tabeliyindəki işçiləri çörəklə imtahan edən idarə, müəssisə rəhbərləri kimi digər böyük vəzifə mənsubları da insanları bahalı və keyfiyyətsiz təbii qazla soyuqdan dondurmaqdan az da olsa vicdan əzabı çəkə bilməzlər. Çünki onların özləri kimi, qəlbləri də daşlaşıb.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə