Türkiyənin geosiyasi seçimi: yeni istiqamət axtarışı?

Ankaradan səslənən bir fikrə dünya ictimaiyyəti maraq göstərdi. Ekspertlər Türkiyənin xarici siyasətində müəyyən dəyişikliklərin baş verdiyindən danışırlar. Lakin bu məsələdə daha ehtiyatlı proqnoz verməyin doğru olduğunu düşünürük.

Bir bəyanatın əks-sədası

Baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ola biləcəyi haqqında söylədiyi fikirlər müxtəlif dairələrin diqqətini çəkib. Siyasətçilər, analitiklər və ekspertlər bununla bağlı öz münasibətlərini bildirirlər. Mövqelər müxtəlifdir. Məsələyə ifrat mənfi və ya müsbət yanaşanlar da var. Hiss edilir ki, dünya ictimaiyyəti üçün Türkiyənin geosiyasi seçimi əhəmiyyət daşıyır.

Bunu normal qarşılamaq lazımdır. Çünki Türkiyə həm coğrafi baxımdan strateji mövqeyə, həm dünya siyasətinə ciddi təsiri olan dövlətçilik tarixinə malikdir, həm də hazırda Avrasiya məkanı aktiv geosiyasi proseslər meydanına çevrilib. Lakin baş nazirin bəyanatına bu günün qlobal siyasi reallıqları prizmasında qiymət vermək daha doğru olardı.

Dünya miqyasında çox ciddi geosiyasi dəyişikliklər baş verir. Faktiki olaraq, qlobal səviyyədə yeni münasibətlər sisteminə keçidin əsasları formalaşır. Bu prosesdə hər bir böyük dövlət öz yerini və rolunu dəqiqləşdirməyə çalışır. Təbii ki, daha yüksək statusa nail olmaq uğrunda da fəal mübarizə gedir. Xarici işlər naziri Əhməd Davudoğlu məsələnin Türkiyə ilə əlaqəli aspektlərinə "Strateji dərinlik" kitabında aydınlıq gətirib.

Qlobal səviyyədə rol oynayan, böyük dövlətlər arasında sözü eşidilən və inkişaf etmiş iqtisadiyyata malik Türkiyə yaratmaq planı mövcuddur. Bunu reallaşdırmaq üçün isə konkret siyasi, iqtisadi, mədəni və hərbi proqramlar işlənib. Rəsmi Ankara 2002-ci ildən həmin kursu həyata keçirmək istiqamətində fəal çalışır.

Hazırda ABŞ dünya liderliyini təmin etmək üçün yeni geosiyasi konsepsiyanı gerçəkləşdirir. Bu prosesdə regional liderlərə ayrıca rol nəzərdə tutulub. Onlar müəyyən həddə qədər müstəqil siyasət yeridə və maraqlarını təmin edə bilərlər. Eyni zamanda, müxtəlif regionlar arasında sıx iqtisadi və mədəni əməkdaşlığın olması da vacib şərtdir. Əks halda vahid qlobal sistem olan dünyanı idarə etmək imkansızdır.

Şübhəsiz ki, Amerikanın planları mütləq qəbul ediləcək həqiqətlər deyil. Ona alternativ olan geosiyasi konsepsiyalar da mövcuddur. Rusiyanın Avrasiya İttifaqı layihəsi buna misaldır. Avropa İttifaqının və Çinin də fərqli yanaşmaları vardır. Məsələnin mahiyyəti də məhz buradan qaynaqlanır. Çünki bir neçə qlobal inteqrasiya konsepsiyalarının mövcud olduğu şəraitdə Türkiyə kimi dövlətlərin çox incə və çoxtərəfli siyasət yeritməsi ehtiyacı yaranır.

Burada başqa bir reallığı diqqətə almaq gərəkdir. Biz Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarında ziddiyyətli geosiyasi proseslərin getməsini nəzərdə tuturuq. Türkiyə həmin proseslərin mərkəzində yer alır. Tarixi, etnik, dini və dövlətçilik ənənələrinə əsasən, Ankara sadalanan regionlarda aktiv olmalıdır. Lakin necə? Hansı səviyyəyə qədər? Bunlar sadə suallar deyil. Böyük dövlətlər arasında ciddi geosiyasi mübarizənin getdiyi, meydana rəqiblərin çıxdığı (məsələn, İran və İsrailin timsalında), münaqişələrin mövcud olduğu bir şəraitdə səmərəli xarici siyasət yeritmək çətin vəzifədir. Türkiyənin atdığı addımları bu məqamları nəzərə almadan düzgün dərk etmək mümkün deyildir.

Çoxvektorlu siyasətin bəzi tərəfləri

Artıq neçə onilliklədir ki, Türkiyə qərbyönümlü siyasət yeridir. Bu müddətdə ən böyük nailiyyəti NATO-ya üzv olmadır. Avropa İttifaqı müxtəlif bəhanələrlə türkləri qapı arxasında saxlayır. Paralel olaraq bəzi dairələr ölkəni zəiflətmək üçün daxilində nifaq törədir. Terror təşkilatları yaradıb, Türkiyəni parçalamaq istiqamətində müxtəlif planlar həyata keçirməyə çalışırlar. Bunlar artıq rəsmi səviyyədə dilə gətirilən faktlardır. Belə vəziyyətdə Ankara nə etməlidir? Bu suala cavab hələ də axtarılır. İndi məlumdur ki, Vaşinqtonun dostluğu da sərt şərtlərə bağlıdır. Həmin şərtlər hər zaman Amerikanın maraqlarına uyğun hərəkət etməyi ifadə edir. Yaxın Şərqdə son illər baş verən hadisələr bunu tam təsdiq etdi. Deməli, Türkiyə hansısa üsulla bu tabeçilik mərəzindən yaxa qurtarmalıdır. Əks halda, regional lider rolunda belə çıxış etmək imkanı da əlindən alınmış olur. Qlobal miqyasda əhəmiyyəti olan əsas məsələlərdə isə Vaşinqtonu nəzərə almaq lazım gəlir.

Rusiya yeni dünya nizamının formalaşmasında aktiv iştirak edir. Vladimir Putin bir neçə ilə ölkəni bu rola hazırlaya bildi. Konkret olaraq Moskva MDB-ni, Gömrük Birliyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) yaratdı. Kreml Ukrayna və Gürcüstanda siyasi proseslərə ciddi təsir edə bilmək qüdrətini göstərdi. Qazaxıstanla hava hücumundan müdafiə sahəsində birgə fəaliyyət göstərməklə bağlı müqavilə imzalayıb. Astana bu səbəbdən türk dövlətlərinin ortaq hərbi strukturlarının yaradılması prosesindən kənara çəkilib.

Moskva indi bütün Avrasiya məkanında öz maraqlarına uyğun inteqrasiya prosesinə start verib. V.Putin hətta Federal Təhlükəsizlik Xidmətinə bu istiqamətdə fəaliyyət göstərmək tapşırığı verib.

Rusiyanın Avrasiya miqyasında fəaliyyətinin mühüm göstəricisindən biri də Şanxay Əməkdaşlıq Təşkilatının yaradılmasıdır. Burada onun əsas rəqibi Çindir. Lakin qlobal səviyyədə elə məsələlər var ki, Pekinlə Moskvanın maraqları üst-üstə düşür. Ona görə də ŞƏT hər iki böyük dövləti qane edir.

Böyük dövlət olmaq strategiyasını reallaşdıran Türkiyə, Avrasiya məkanında cərəyan edən bu geosiyasi proseslərə necə münasibət göstərməlidir? Burada iki seçim var – birincisi, sırf Qərbə istiqamətlənmiş siyasət yeridib, Avrasiyada gedən proseslərdən kənarda qalmaq; ikincisi, ümumi səviyyədə Qərblə əməkdaşlığı saxlamaqla, Şərq istiqamətində daha da fəallaşmaq. Birinci xətt Türkiyənin ABŞ və Aİ-dən asılı vəziyyətdə qalmasına xidmət edərdi. İkinci seçim isə regionun lider dövləti kimi dünyanın iki nəhəng geosiyasi gücü arasında manevrlər etmək imkanı yaradır. Aydındır ki, ŞƏT-lə əməkdaşlıq perspektivi bu müstəvidə xüsusi əhəmiyyət daşıyır. Burada başqa bir faktor da vardır.

Məsələ ondan ibarətdir ki, Qafqaz və Mərkəzi Asiyada Türkiyəyə tarixi, mədəni, dini və dil baxımından çox yaxın olan ölkələr yerləşib. Dünyanın ən uzaq regionları arasında əlaqələrin genişləndiyi bir şəraitdə türkdilli dövlətlərin bir-birinə münasibəti məsələsi çox aktuallaşır. Onlar arasında əməkdaşlıq hansı səviyyədə olmalıdır? Nəyə görə, həmin dövlətlər ən yüksək səviyyədə əlaqələr qurmasın? Məsələn, sosial-mədəni və iqtisadi sahələri əhatə edən ittifaq yaratmasınlar? Bunu türkdilli ölkələrə qadağan etmək mümkün deyildir. Bu səbəbdən Ankaranın xarici siyasətində istər-istəməz Qafqaz və Mərkəzi Asiya faktorları strateji yer tutmalıdır.

Məsələni hətta daha geniş mədəni kontekstdə – İslam dünyası səviyyəsində qoymaq mümkündür. Bir sıra analitiklər hesab edirlər ki, müsəlman ölkələri birləşməlidirlər, çünki onları ayrılıqda zəiflədirlər. Bu tezisə qarşı çıxmaq çox çətindir. Son onilliklərdə dünya miqyasında baş verən hadisələr həmin fikrə haqq qazandırır. Müsəlman dövlətlərinə qarşı hərbi addımlar atılır, onlar parçalanır, zəiflədilir, Qərbin maraqlarına tabe etdirilir və mədəni irsi təhqir olunur. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daha çox bu kimi proseslərə etiraz olaraq meydana çıxıb. Türkiyə xarici siyasətində İslam amilini nəzərə almamalıdır? Bizcə, sualın cavabı tamamilə aydındır.

Real inteqrasiya modeli mövcuddurmu?

Fikrimizcə, hələlik Ankaranın bu istiqamətdə dəqiq konsepsiyası yoxdur. Bir tərəfdən, dünyada geosiyasi proseslərin sürətlə dəyişməsi, digər tərəfdən isə, daxildə yaradılmış süni problemlərin həlli ilə məşğul olmaq Türkiyənin konkret inteqrasiya modeli üzərində səylərini zəiflədib. Bunlara onu da əlavə edək ki, regionun bəzi dövlətlərinin qısqanc və qərəzli münasibəti vəziyyəti daha da mürəkkəbləşdirir.

Bunlara baxmayaraq, Türkiyə xarici siyasətində bir sıra prinsipləri dəqiq müəyyənləşdirib. Onlar ABŞ-ın qlobal miqyasda aparıcı rolunu qəbul etməkdən, Avropaya inteqrasiyanı strateji məqsəd hesab etməkdən, Rusiya və Çin faktorunu ciddi surətdə nəzərə almaqdan və müsəlman ölkələrini bir araya gətirməkdən ibarətdir. Bu prinsiplərin daxilində türkdilli dövlətlərin ortaq təşkilatını yaratmaq yer alıb.

R.T.Ərdoğanın ŞƏT-lə bağlı fikirlərini də bu məqamları nəzərə alaraq qiymətləndirmək gərəkdir. Türkiyə nəyə görə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasın? Bunun NATO-ya üzvlüyə nə aidiyyəti var? Yaxud Avropa İttifaqı nəyə görə narahat olmalıdır? Məsələ bütün dünyanın birliyinə bağlıdırsa, Ankaranın bu niyyəti alqışlanmalıdır. Lakin bunun əksini göstərən fikirlər səsləndirilir.

Guya Çin Türkiyənin həmin təşkilata daxil olmasını arzulamır. ABŞ-ın sərt və ittihamedici nəzərlərini öz üzərində getdikcə daha çox hiss edən Pekin hansı əsasla bunu edə bilər? O, Türkiyə kimi bir ölkənin müttəfiq olmasını niyə istəməz?

Burada iki izah ola bilər. Birincisi, Çin Türkiyənin böyük dövlət qismində təşkilata daxil olmasından ehtiyat edər. Yəni Ankara Pekinin "qəyyumluğu altında" ŞƏT-ə üzv ola bilər. İkincisi, hansısa kənar qüvvələr Türkiyə ilə Çinin arasını vurmaqla məşğuldurlar. Şübhəsiz ki, bunları hər iki ölkənin siyasi dairələri nəzərə alırlar.

Rusiyanın isə Ankaranın bu istəyinə müsbət yanaşdığı haqqında informasiyalar yayılıb. Bütün variantlarda bu məsələ Moskvanı qane edir. Çünki Kreml Türkiyənin liderliyi ilə İslam dünyasına və xüsusilə, türkdilli dövlətlərə ciddi təsir etmək şansı əldə edir. O cümlədən, Rusiya Avrasiya İttifaqı yaratmaq üçün unikal imkana sahib olur.

Türkiyənin ŞƏT-ə inteqrasiyası Avropa İttifaqı və İsraili qane etməyə bilər. Bu halda hər iki ölkənin əlindən böyük bir geosiyasi şans çıxmış olur. Aİ Rusiyanı Çinə qarşı qoymaq və İslam aləmindən kənarlaşdırmaq imkanını itirir. Bununla o, Moskvanı öz sıralarına cəlb etməkdən də məhrum olur. İsrail isə bütün İslam ölkələrinə təsir etmək şansını əldən verir. Bu variantda Vaşinqtonun Təl-Əvivə nə dərəcədə arxa duracağı məlum deyil. Təcrübə göstərir ki, ABŞ geosiyasi maraqlarını hər şeydən yüksəkdə tutur.

Bütün bunlar Türkiyənin ŞƏT-ə üzv olacağını əsaslandırmağa kifayət edirmi? Hesab etmirik ki, yaxın zamanlarda bu, baş versin. Ankara siyasi manevrlərlə dünyanın nəbzini yoxlayır. O, qlobal miqyasda müstəqil güc kimi çıxış etmək iradəsini ortaya qoyur. Eyni zamanda, Rusiya, Çin, Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əməkdaşlığı genişləndirməkdə davam edə bilər. Mümkündür ki, Ankara Qərblə Şərq arasında balans yaratmağa üstünlük versin. Hər iki böyük güclə əməkdaşlıq etməklə özü daha da qüdrətlənsin. Bütün hallarda isə Türkiyənin heç bir təşkilata adi dövlət kimi üzv olmayacağı məlumdur. Bu, Ərdoğanın ŞƏT-lə bağlı fikrində də sətiraltı ifadə olunub.

Newtimes.az

Bütün xəbərlər Facebook səhifəmizdə