"Avesta" yaradıcısı Zərdüşt bizim eradan əvvəl 559-cu ildə Xorasanın Kəşmar və Fəryumad kəndlərinin hər birində bir sərv ağacı əkmişdi. Üstündən 1405 il keçdikdən sonra Kəşmar sərvini xəlifə Mütəvəkkil 847-ci ildə kəsdirib Bağdada gətirmişdir. Ancaq bu nəhəng ağacın kötüyünə baxmağa bir gün qalmış, o öz mühafizəçiləri tərəfindən qətlə yetirilmişdir. Fəryumad sərvi isə torpağa basdırılmasından 1742 il sonra, 1143-cü ildə şahzadə Yanal Tegin tərəfindən yandırılmışdır.

İki sərvi öz əliylə əkdi Zərdüşt,
O ağaclar əsrlərlə boy atdılar.
Od-ocağa inamında təkdi Zərdüşt,
Ağaclar da onu xeyli ucaltdılar.

Ağaclardan İran-Turan fərəh duydu,
Sərv "Avesta" hikmətini incələrdi.
At çapardı burda Rüstəm, İsfəndiyar,
Kölgəsində on min qoyun dincələrdi.

Ucaldıldı şah Guştəspin izni ilə,
Kəşmar sərvi üzərində məbəd belə.
Hörmüzlərin xeyirxahlıq əzmi ilə,
Bağlanmışdı kahinlərlə ülfət belə.

Səyirdirdi öz atını çərxi-fələk,
Kəşmar azman bir nəhəngi andırardı.
Qəti inam əqidəyə çevrilərək,
Ürəklərdə gur məşəllər yandırardı.

Bir vaxt çıxdı taxt-tacına Mütəvəkkil,
O gün onun gözlərini örtmüşdü qan.
Həmin sərvi kəsdirməyi etdi təşkil,
Dedi dərhal yetirməli Bağdadacan.

Öküzlərin yükləndiyi arabada,
Gətirildi ağır-ağır nəhəng kötük.
Minillik sərv bir andaca getdi bada,
Tərpənmədi xəlifənin başında tük.

Mütəvəkkil yol vermədi zərrə səbrə,
Qərarında kobud-köntöy... sərməst deyil.
Od Tanrısı İzəd onu gömdü qəbrə,
Xəlifəyə sərvi görmək qismət deyil.

Xəlifədən göz çəkmədi bir an belə,
Bir gün əvvəl ona keşik çəkən dəstə.
Onu möhkəm bürüdülər ipək tülə,
Sonra qəfil öldürdülər, durub qəsdə.

İzəd bu cür haqsızlığa verməzdi yol,
Zərdüşt sərvi insanların pənahıydı.
Əməlinə cavab verdi cani gen-bol,
Sərvi kəsmək xəlifənin günahıydı.

Nəzərində alov zillət, dünya gidi,
Gic müsəlman duymamışdı közü-odu.
Sərv ağacı yıxılanda uf demədi,
Ona görə günahını qanla yudu.

Əhlikefin birisiydi Yenal Tegin,

Calayardı bu badəni o badəyə.

O nadan kəs nümunəsi fəlakətin,
İkinci sərv qurban getdi şahzadəyə.

Tükəndimi bir anlığa insaf, mürvət?
Necə qıydı yandırmağa o, ağacı?
Şərəfimi zədələndi, ya ləyaqət?
Buz qəlbini sarmadımı ağrı-acı?

Valeh MƏHƏRRƏMLİ

27-28.02.2018

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...