ADAU-ya tələbə qəbulunun nəticələrin təhlili: keyfiyyətli kadr hazırlığına təminat var
2018/2019-cu tədris İlində Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olan tələbələrin sayı və orta bal göstəriciləri əhəmiyyətli dərəcədə artıb. Göstəricilərin yüksəlməsində ölkəmizdə aqrar sahə üçün mütəxəssis hazırlığının səviyyəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, kənd təsərrüfatı ixtisaslarına yalnız dövlət sifarişi ilə və ödənişsiz əsaslarla tələbə qəbulunun aparılması, xüsusilə cari tədris ilində qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə əlavə təqaüdlərin verilməsini, şəffaf təhsil mühiti amili mühüm rol oynayıb. Prezident İlham Əliyevin göstərişi ilə 2018/2019-cu tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə 400-499 bal toplayan tələbələrə aylıq təqaüdlərindən əlavə 100 manat, 500 və daha çox bal toplayanlara 200 manat məbləğində təqaüdün verilməsi qəbulun nəticələrinə ciddi təsir göstərən amillərdən biri olub. Son illərlə müqayisədə cari ildə rekord sayda abituriyent, ümumilikdə 1296 nəfər ADAU-nun tələbəsi adını qazanıb. Cari tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə minimum keçid balı 150 olsa da, faktiki keçid balı əksər ixtisaslarda 200-dən çox olub. Bu göstərici “meliorasiya və su təsərrüfatı tikintisi” ixtisasında 296 (əvvəlki tədris ilində 294) bal, “torpaqşünaslıq və aqrokimya” ixtisasında 267 (254), “aqronomluq” ixtisasında 247 (236), “zootexniklik” ixtisasında 211 (201), “aqromühəndislik” ixtisasında 248 (238), “meşəçilik” ixtisasında 212 (206), “şərabçılıq” ixtisasında 213 , “ekologiya” ixtisasında 257 (176), “baytarlıq” ixtisasında 211 (167), “əczaçılıq” ixtisasında 301 (182) bal olub.
Qəbulun strukturunda kənd təsərrüfatı ixtisasları üzrə təhsil alanların xüsusi çəkisi də artıb. Qeyd olunan göstərici 2016/2017-ci tədris ilində 41,5 faiz, 2017/2018-ci tədris ilində 54,5 faiz, 2018/2019-cu tədris ilində 59,4 faiz olub. Yeni kənd təsərrüfatı ixtisaslarının açılması bu göstəricinin gələcəkdə daha da artmasına səbəb olacaq. Artıq cari tədris ilindən etibarən bakalavriat səviyyəsində “bitki mühafizəsi”, “bağçılıq və tərəvəzçilik” və “şərabçılıq” kimi ixtisaslar üzrə mütəxəssis hazırlığına başlanılıb ki, bu da aqrar sahədə əmək bazarının tələbləri baxımından mühüm əhəmiyyət daşıyır.
Universitetə tələbə axınının kütləvi xarakter almasının əsasında duran ən mühüm amillərdən biri dünya standartlarına cavab verən Tələbə evlərinin istifadəyə verilməsidir. Prezident İlham Əliyevin Gəncə şəhərinə səfərləri çərçivəsində açılışlarında iştirak etdiyi 2 Tələbə evi respublikamızın müxtəlif bölgələrindən olan 1040 tələbənin yaşayışını təmin edir. Aylıq yaşayış xərci 35 manat, bütün zəruri şəraitləri (akt zalları, idman zalları, valideyn otaqları, kitabxanalar, həkim otaqları, yeməkxanalar, mətbəxlər, mağazalar, bərbərxanalar, camaşırxanalar və s.) təmin olunan bu Tələbə evləri xüsusilə uzaq rayonlardan olan tələbələr üçün sevimli məkana çevrilib. Hər bir tələbənin öz evi kimi münasibət bəslədiyi bu məkanda təmizlik, səliqə-səhman ən yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikası, Şəki, Qəbələ, Qax, Ağsu, İsmayıllı, Qobustan, Xızı, Siyəzən, Şamaxı, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Beyləqan, Biləsuvar, Masallı, Neftçala, Salyan, İmişli, Hacıqabul, Cəlilabad, Saatlı, Sabirabad, Lənkəran, Yardımlı, Lerik, Ağdam, Ağdaş, Fizuli, Gədəbəy və digər rayonlardan, Bakı və Sumqayıt şəhərlərindən olan tələbələrin Tələbə evlərində yaşayış yeri ilə təmin edilmələri bu bölgələr üzrə təhsil alan tələbələrin sayının ilbəil artmasına səbəb olur.
Tələbə evləri artıq beynəlxalq mübadilə proqramları çərçivəsində universitetdə təhsil alan, tədbirlərdə iştirak edən əcnəbi tələbələrə də xidmət göstərir. 2018-ci ilin 14-28 iyul tarixlərində universitetdə keçirilmiş “Davamlı İnkişaf Hədəfləri” adlı 1-ci beynəlxalq yay məktəbinin 11 ölkədən olan 34 iştirakçısının yaşayışı məhz tələbə evlərində təmin olunub.
Beləliklə, həyata keçirilən məqsədyönlü tədbirlər özünü tələbə qəbulunun nəticələrində göstərir. Bu nəticələr keyfiyyətli aqrar təhsilə və gələcəkdə aqrar sahənin rəqabət qabiliyyətli mütəxəssislərə olan tələbatının ADAU məzunları hesabına ödənilməsinə tam təminat verir.
Bütün xəbərlər Facebook səhifəmizdə