“Mədəniyyətlərarası dialoqun mədəniyyətlərin və xalqların ənənələrinin qorunmasında rolu”

Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyətlərarası dialoqun mədəniyyətlərin və xalqların ənənələrinin qorunmasında rolu” mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, diskussiyaların gedişində Azərbaycan Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizin bütün millətlərin və dini konfessiyaların nümayəndələrinin bir-biri ilə sülh və anlaşma şəraitində yaşadığı məkan olduğundan bəhs edib. Nazir müavini qeyd edib: “Bizim ölkəmizdə Milad və Hanuka da ənənəvi bayramlarımız kimi təntənəli qeyd edilir. Azərbaycan əsrlər boyu tolerantlıq və multikulturalizm nümunəsi olub”.

S.Məmmədəliyeva əlavə edib ki, Azərbaycan və Rusiyanı sıx mədəni əlaqələr, həmçinin müxtəlif sahələrdə əməkdaşlıq birləşdirir. İldən-ilə bu əlaqələr yüksələn xətlə inkişaf edir. “1995-ci ildə ölkələrimiz arasında mədəniyyət və elm sahələrində əməkdaşlığa dair Saziş imzalanıb. 2016-cı ildə Azərbaycan və Rusiyanın Mədəniyyət nazirlikləri 2017-2019-cu illərdə mədəni əməkdaşlıq üzrə Proqram imzalayıblar”, -deyə nazir müavini vurğulayıb.

Rusiya Federasiyası Mədəniyyət nazirinin müşaviri Mixail Kojemyakin RF Mədəniyyət naziri Vladimir Medinskinin Azərbaycanda keçirilən görüş iştirakçılarına təbrik məktubunun mətnini oxuyub. Məktubda deyilir ki, Bakıda təşkil edilmiş tədbir dövlət qulluqçuları, ekspert və incəsənət xadimlərinin müxtəlif xalqların ənənələrinin qorunub saxlanılması üzrə bir sıra mövzuları birgə açıq və səmimi müzakirə etməsi baxımından əhəmiyyətlidir. M.Kojemyakin əlavə edib ki, Bakı öz gözəlliyi və qonaqpərvərliyi ilə onu yenidən valeh edib. O, səmimi qəbul üçün Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Tədbir folklor ansambllarının konsert proqramı ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə