Fransanın məşhur kurort şəhəri Kann qonşu Nitsadan nümunə götürmək və 2026-cı ildən öz körfəzində nəhəng kruiz gəmilərinin qəbulunu məhdudlaşdırmaq qərarına gəlib.
SİA-nın məlumatına görə, bunu Le Figaro xəbər verir.
Kann 2026-cı ildən göyərtəsində 3000-dən çox sərnişini olan böyük kruiz gəmilərinin şəhərin buxtasına girişini məhdudlaşdırmaq qərarına gəlib.
Yeni qaydalara əsasən, buxtaya gündə yalnız bir belə gəmi buraxılacaq.
Kannda belə nəhəng gəmilərin yaxınlaşa biləcəyi estakada yoxdur, ona görə də laynerlər sahilə yaxınlaşır və turistlər kiçik qayıqlarda şəhəri görməyə aparılır.
Kann şəhərinin rəhbərliyi kruiz terminalının operatoru ilə şəhərə turist yükünü tədricən azaltmaq üçün razılıq əldə edib. 2026-cı ildən şəhərə turist gətirən iri laynerlərin sayı 50 faiz, şəhərə gündüz səfərlərinin sayı isə gündə maksimum 6000 nəfərə endirilməlidir.
2030-cu ilə qədər onlar məhdudiyyətləri daha da sərtləşdirmək və 1300 sərnişindən çox olmayan gəmiləri qəbul etmək istəyirlər.
Şəhərin meri David Lisnard izah edib ki, o, bir fenomen olaraq kruizlərlə mübarizə aparmağı deyil, "daha kiçik, daha estetik, daha müasir və ətraf mühitə hörmətlə yanaşan gəmiləri" alqışlamağı hədəfləyir.
2024-cü il ərzində Kann körfəzində 175 gəmi dayanıb, onlardan təxminən 460.000 turist şəhəri ziyarət edib.
Bəzi gəmilərin tutumu 5000 nəfərdən çox olub. Eyni zamanda, Nitsa şəhərinin meri Kristian Estrosi gəmilər üçün ilkin elan edilmiş məhdudiyyətləri yumşaldıb. 900-dən çox sərnişini olan gəmilərin qəbulunu qadağan etmək əvəzinə, gündə birdən çox olmayan və 2500-dən çox sərnişini olan gəmilərin dayanmasına icazə verilməsi qərara alınıb.
Yalnız 450-dən az sərnişini olan gəmilərin birbaşa şəhər limanına yanaşmasına icazə veriləcək.
Keçən il İspaniyanın Barselona şəhəri 12 saatdan az müddətə şəhərə gələn kruiz gəmisi sərnişinlərinə görə turist vergisinin artdığını elan etdi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə