Türkiyənin maliyyə naziri Mehmet Şimşək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində investorlarla görüşəcək.
SİA xəbər verir ki, nazirlikdən əldə edilən məlumata görə, Şimşəkin Dubayda dünən başlayan görüşləri sabah başa çatacaq. Təmaslarının ilk günündə maliyyə dünyasının aparıcı simaları ilə dəyirmi masa toplantısında bir araya gələn Şimşək iştirakçıların Türkiyə iqtisadiyyatına dair suallarını cavablandırıb. Onun görüşlərinə Birləşmiş Ərəb Əmirliklərinin aparıcı holdinq və banklarından geniş qatılım olub.
Nazir Dubay səfəri çərçivəsində investorlarla həm geniş iştiraklı, həm də fərdi görüşlər keçirəcək.
Maliyyə sektoru və real sektorun yüksək səviyyəli nümayəndələrinin iştirak edəcəyi gözlənilən investor görüşündə M.Şimşək qlobal iqtisadi inkişaflar, Türkiyənin iqtisadi proqramında əldə etdiyi irəliləyişlər və investisiya imkanları barədə geniş təqdimat edəcək. Nazir həmçinin həmkarları ilə rəsmi görüşlər də keçirəcək. O, ölkənin ən nüfuzlu təşkilatlarından biri olan Dünya Hökumətlər Sammitində də panelist qismində iştirak edəcək və "Çoxqütblü iqtisadi blokların yüksəlişi" adlı panelə qatılacaq.
Mehmet Şimşəkə Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Faysal əl-İbrahim, Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdullah bin Tuk əl-Mari və İndoneziyanın iqtisadi məsələlər üzrə naziri Airlanqqa Hartarto da müşayiət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə