Lukaşenko isə Ukraynanın əks-hücumunun uğursuz olacağını deyir...

Bu arada Krım Ali Şurasının rəhbəri Vladimir Konstantinov Ukraynadakı münaqişədə dönüş nöqtəsinin hələ 2023-cü ildə baş verəcəyini və nəticədə “Kiyev xuntası”nın hakimiyyəti tamamilə itirəcəyi barədə fikir bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu da rus saytları yayımlayıblar.

Beləliklə, Vladimir Konstantinovun sözlərinə görə, Rusiyanın qələbəsi qeyd-şərtsiz olacaq və hadisələrin inkişafı üçün...guya başqa ssenari yoxdur.

“...Rusiyanın qələbəsi əvvəlcədən müəyyən edilib. Dönüş nöqtəsi bu il olacaq. Vəziyyət indi münaqişənin sonuna doğru inkişaf edir. Tez bitməyəcək. Və bu, sülhlə deyil, Kiyev xuntasının ölkə üzərində hakimiyyəti tamamilə itirməsi ilə başa çatacaq. Onların cəbhəsi dağılacaq, uzun müddətdir yetişdirdikləri bu nasist ağacı dağılacaq”.

Bunu Krım parlamentinin sədri bildirib.

Rusiyanın xüsusi hərbi əməliyyatının Rusiyanın tarixi əraziləri üzərində tam nəzarəti bərpa etməsi ilə başa çatacağını bildirən Konstantinov, bunun başaçatma tarixini də dəqiq bildirib: bu, bu ilin payızından gec olmayaraq baş verəcək.

Maraqlıdır ki, bundan bir müddət əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko da ekstrasenslik edərək, əks-hücumun Ukraynaya heç bir uğur gətirməyəcəyini demişdi. Deyim ki, Belarus lideri əsas da gətirmişdi: Rusiyanın onu dəf etmək üçün hər şeyi var.

Və əgər əks-hücum uğursuz olarsa, bu zaman Ukrayna hakimiyyətini hərbi münaqişəni davam etdirməyə sövq edən Qərb ölkələri, o cümlədən ABŞ danışıqlar prosesinə hazır olacaqlar.

Bunu da Aleksandr Lukaşenko bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə