"İllərdir yuxularımda gördüyüm o yerləri yenidən real həyatda görəcəm" - SORĞU

Azərbaycanlılar etnik mənsubiyyətinə görə müxtəlif vaxtlarda Qərbi Azərbaycan - indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunublar. Azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyasından isə artıq 34 il ötür. Belə ki, bu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 34 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir. Bəs görək Qərbi Azərbaycan sakinləri öz yurdları barədə nə düşünür. Yenidən doğma torpaqlarına qayıdacaqlarına ümid edirlərmi? SİA mövzu ilə bağlı sorğu keçirib.

Qərbi Azərbaycan sakini Raya Ağayeva: “Əlbəttə ki, illərdir həsrətini çəkdiyim kəndimizə getmək istəyərəm. Amma elə hesab edirəm ki, orada yaşamağa tab gətirmərəm. Çünki vaxtilə o yerlərdə birgə yaşadığım neçə-neçə insan indi yoxdur. Ürəyim dözməz ki, mən onlar olmadan kəndimizdə rahat yaşayım. Hər birimizin arzusudur ki, öz torpaqlarımıza qovuşaq. Amma mənim kimi müəyyən bir yaşa çatmış insanlar üçün bir qədər çətin olar. İnanıram ki, həmyaşıdlarım məni başa düşər”.

Qərbi Azərbaycan sakini Zakir Həsənov: "Mən bizim şəhidlərimizin qarşısında bir ata kimi, ağsaqqal kimi baş əyirəm, fəxr edirəm. Vətən şirindir, yaşamaq üçün getmək də lazımdır. Amma onlar nadürüst əməllərindən, iyrənc əməllərindən əl çəkən deyillər. Ermənilərlə bizimki bir daha alınacaq şey deyil. Ermənilər qorxaqdırlar, onlar ömür boyu bizdən qorxublar. Birinci və ikinci Qarabağ müharibəsində, bir günlük savaşımızda da bunu gördük. Onlarla biz yaşayarıq, amma mən demək istəyirəm ki, ermənilərlə Azərbaycan xalqınınkı tutmaz. Necə Qərbi Azərbaycan torpaqlarında Azərbaycanlı yoxdursa mən də Azərbaycanda erməni görmək istəmirəm. Onlar paxıl millətdir, hər vasitəyə əl atırlar. Son sözü Azərbaycan xalqının ermənilər üzərində tam qələbə qazanmasından sonra demək olar”

Qərbi Azərbaycanlı İsgəndər Baxşəliyev: “Biz dədə-baba yurdumuza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Şükür ki Qarabağ alındı və bizim də Qərbi Azərbaycana qayıdışa bir ümidimiz oldu. Dövlət başçısının yurdumuzla bağlı çağırışı da bunun üstünə bir ayrı bal-qaymaq oldu. Biz Prezidentimizə də, ordumuza da sonsuz güvənirik. Qayıdışın gerçəkləşəcəyinə də şübhəmiz yoxdur. Çünki dövlət Qərbi Azərbaycana qayıdışla bağlı xeyli işlər görür. İnternetdə də, televiziyada da xəbərləri izləyirik. Görürük ki, dövlətimiz səbir və təmkinlə, sistemli şəkildə öz işinə davam edir”.

Qərbi Azərbaycan sakini Şahmar Əliyev: “Əlbəttə ki, bir gün Qərbi Azərbaycana qayıdacağımıza inanırıq. Çünki biz Ali Baş Komandanımıza, ordumuza güvənirik. Bir günün içində erməni separatçılarını təslimə məhkum edən xalq, nələri etməz ki?! İnanıram ki, illərdir yuxularımda gördüyüm o yerləri yenidən real həyatda görəcəm. İndi orada kimin qalmağından asılı olmayaraq Qərbi Azərbaycan bizimdir, bizim olacaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə