"Qərbi Azərbaycanı görməyən məni anlaya bilməz” - SORĞU

Əsrlər boyu erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin, soyqırımı aktlarının ardıcıl, sistemli şəkildə tədqiqi Azərbaycan tarixinin ən aktual problemlərindən biridir. Bunun nəticəsidir ki, Azərbaycan xalqı tarixi dədə-baba yurdlarından köçürülüb, zorla didərgin salınıb. XX əsrin əvvəllərində baş verən siyasi proseslər isə Azərbaycanın qərb torpaqlarında Ermənistan dövlətinin yaradılması ilə nəticələnib. Elə Qərbi Azərbaycan əhalisi də erməni qəddarlığına məruz qalanlardandır. İllərdir, öz tarixi torpaqlarından qovulmuş insanlar yurd-yuvalarına qayıtmaq üçün gün sayırlar. SİA mövzu ilə bağlı Qərbi Azərbaycan sakinlərinin fikirlərini öyrənib.

Qərbi Azərbaycan sakini Mirfaiq Mirheydərli: “Biz neçə ildir ki, o gözəlliklərə həsrət qalmışıq. Hələ yaxşıdır ki, biz bu dərdlə, həsrətlə ayaqda qala bilmişik. Təbii ki, bunun da səbəbi güclü xalq olmağımızdır. Azərbaycan xalqının başına olmazın fəlakətlər gətiriblər, heç kimin görmədiyi qəddarlıqları görüb, yaşamadığı faciələri yaşamışıq. Amma yenə də məğrur bir şəkildə dik durmağı bacarmışıq. Hələ son üç ildir ki, başımız daha da göylərə ucalıb. Çünki doğma Qarabağımız azad olunub. Arzu edirəm ki, Qərbi Azərbaycan da azad olunar və həsrətimiz sona çatar".

Qərbi Azərbaycan sakini Tərlan Rzayeva: “Qərbi Azərbaycanlılar öz yurdlarına bağlı insanlardır. Çox təəssüf ki, yurdumuzu əlimizdən alıblar. Amma biz yenə də öz yerlilərimizə bağlıyıq. Harada Qərbi Azərbaycanlı görsək, bir-birimizə qanımız qaynayır. Allahın izni ilə bütün Qərbi Azərbaycanlılar öz yurd-yuvasına qayıdar. Əvvəlki xoş günlərimizi yurdumuzda davam etdirərik. Azərbaycanın hər guşəsi çox gözəldir. Amma bizim torpaqlarımızın da bir başqa gözəlliyi var. Oranı görməyən məni anlaya bilməz”.

Qərbi Azərbaycan sakini Elmuraz Aciyev: “Mən əslən Basakeçər rayonundanam. Valideynlərimin ikisi də orada anadan olub. Mənim iki yaşım olanda onlar ermənilər tərəfindən deportasiya olunub. Yəni, Qərbi Azərbaycan xatirəmdə qalmayıb. Amma valideynlərimdən o yerlər haqqında çox eşitmişəm. Həmişə oranın gözəl havasından, təmiz suyundan, ətirli meyvələrindən danışırdılar. Atam deyirdi ki, orada bitən meyvə-tərəvəzlərin dadı tamam başqa olurdu. Hələ güllərinin rəngi belə başqa yerdə bitənlərə bənzəmirdi. Təəssüf ki, mənə bunların şahidi olmaq qismət olmadı. Amma çox istərdim ki, gedim doğma rayonumuzu görüm. Bir dəfə də olsa, oranın havasını udum. İnşallah arzumuza çatarıq”.

Qərbi Azərbaycan sakini Adilə Qabulova: “İlk növbədə Azərbaycan xalqını təbrik edirəm. Çünki xalqımıza qarşı cinayət törədənlər bir-bir öz layiq olduğu yerə göndərilir. Dövlətimiz bu qədər işlər görür. Vaxtilə də nə qədər əzablar çəkmişik. Biz Qərbi Azərbaycanlılar hələ də Vətən dərdi çəkirik. Allahdan ümid kəsilməz. Gün gələr biz də öz torpaqlarımıza qovuşarıq. Bu sözü deyəndə belə ürəyim ağrıyır amma əgər düşmən viran qoymayıbsa, bizə babalarımızın qəbirlərini ziyarət etmək nəsib olar”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə