"Qərbi Azərbaycan İcması yarandıqdan sonra Ermənistanda təşviş yaranıb" - Əhliman Əmiraslanov

“Mənfur düşmən Qərbi Azərbaycandan vaxtaşırı olaraq həmvətənlərimizin deportasiyasını həyata keçirib. Bu deportasiya olunmuş insanların sayı da məlumdur. Təəssüf ki, Qərbi Azırbaycan deportasiyalarına münasibət Azərbaycanda həmişə birmənalı olmuyub. Hətta bəziləri tərəfindən ögey münasibət olub. Bu insanların problemlərinin həlli, onlara hüquqi qiymətin verilməsi yalnız Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdən həyata keçirilib”. SİA xəbər verir ki, bu sözləri Gənclər və idman komitəsinin “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirdiyi ictimai dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin və Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, İcmada bir neçə şura, o cümlədən, Gənclər şurası fəaliyyət göstərir: “Ağsaqqallar şurasının gənclərlə mütəmadi görüşləri keçirilir. Çünki Ağsaqqal şurasında təmsil olunmuş bir çox insanın Azərbaycan dövlətçiliyində rolu olub. Ona görə də gənclərin bu məsələyə doğru münasibətinin formalaşmasında həmin görüşlərin mühüm əhəmiyyəti var”.

“Qərbi Azərbaycana qayıdış ideyası bizim böyük qələbəmizdn sonra reallaşmağa başladı. Ona qədər bizim qarşımızda duran əsas məsələ Qarabağı düşməndən azad etmək idi. Artıq Qərbi Azərbaycana sülh yolu ilə qayıtmaq prioritet məsələyə çevrilib. Bu, heç kimi təşvişə salmamalıdır. Mətbuatdan göründüyü kimi, Qərbi Azərbaycan İcması yarandıqdan sonra Ermənistan dövlətində bir təşviş yaranıb. Necə ki Azərbaycan Prezidentinin dəmir yumruğu Qarabağı azad etdi, onun dəmir iradəsi də Qərbi Azərbaycana qayıdışı təmin edəcək”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə