"Keçmiş münaqişə Azərbaycan xalqı üçün ağır humanitar nəticəyə səbəb olub" - Zəfər Sırakaya

"Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 13-cü bəndinə uyğun olaraq Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq haqları var". SİA xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Zəfər Sırakaya "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

TBMM üzvü bu il 100-cü ildönümü qeyd edilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə yad edərək bildirib ki, Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətləri mövcuddur və bu əlaqələr bölgədə sülh üçün böyük əhəmiyyət daşıyır: "Keçmiş münaqişə Azərbaycan xalqı üçün ağır humanitar nəticələrə səbəb olub. Ermənistandan azərbaycanlıların qovulması və bu ölkədəki Azərbaycan mədəni irsinin dağıdılmasını ürəkağrıdıcıdır".

AK Parti sədrinin müavini Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bölgədə davamlı sülh üçün əlverişli imkan yarandığını bildirib.

Z.Sırakaya keçmişin ağrılı səhifəsini qapadaraq gələcəyə baxmaq zamanı gəldiyini qeyd edib və Azərbaycanın sülh səylərinə dəstəyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə