"Əminəm ki, o yerləri görən bir daha geriyə qayıtmaq istəməz" - SORĞU

Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb. Lakin ötən ilin dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalısı ilə görüşündən sonra xalqımızın ürəyində bir ümid işığı alışdı. Bəs görək Qərbi Azərbaycan sakinləri qayıdış barədə nə düşünür. SİA mövzu ilə bağlı sorğu keçirib.

Qərbi Azərbaycan sakini Əşrəf Həsənov: "Mən Göyçə mahalındanam. Hansı ki ora nə qədər gözəllikləri özündə birləşdirirdi. Biz neçə ildir ki, o gözəlliklərə həsrət qalmışıq. Hələ yaxşıdır ki, biz bu dərdlə, həsrətlə ayaqda qala bilmişik. Təbii ki, bunun da səbəbi güclü xalq olmağımızdır. Azərbaycan xalqının başına olmazın fəlakətlər gətiriblər, heç kimin görmədiyi qəddarlıqları görüb, yaşamadığı faciələri yaşamışıq. Amma yenə də məğrur bir şəkildə dik durmağı bacarmışıq. Hələ son üç ildir ki, başımız daha da göylərə ucalıb. Çünki doğma Qarabağımız azad olunub. Arzu edirəm ki, Qərbi Azərbaycan da azad olunar və həsrətimiz sona çatar".

Qərbi Azərbaycan sakini Zahir Nəsibov: "Bəzi adamlara Qərbi Azərbaycana qayıdışımız inandırıcı gəlmir. Doğrusu, mən də artıq ümidimi üzmüşdüm. Amma bilirsiniz, 44 günlük müharibədə xalqın birliyini, ordumuzun əzmkarlığını görəndən sonra içimdə yenidən ümid işığı yandı. Allah nəsib eləsin, biz də torpaqlarımıza ayaq basaq. Əminəm ki, o yerləri görən bir daha geriyə qayıtmaq istəməz".

Qərbi Azərbaycan sakini Raya Ağayeva: “Əlbəttə ki, illərdir həsrətini çəkdiyim kəndimizə getmək istəyərəm. Amma elə hesab edirəm ki, orada yaşamağa tab gətirmərəm. Çünki vaxtilə o yerlərdə birgə yaşadığım neçə-neçə insan indi yoxdur. Ürəyim dözməz ki, mən onlar olmadan kəndimizdə rahat yaşayım. Hər birimizin arzusudur ki, öz torpaqlarımıza qovuşaq. Amma mənim kimi müəyyən bir yaşa çatmış insanlar üçün bir qədər çətin olar. İnanıram ki, həmyaşıdlarım məni başa düşər”.

Qərbi Azərbaycan sakini Rəşid Məsimov: "Əlbəttə ki, Qərbi Azərbaycan İcmasının fəaliyyətini izləyirik. İcma tərəfindən xeyli işlər görülür. Düşünürəm ki, biz öz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Əgər doğma yurdumuz Qərbi Azərbaycana qayıtmaq istəyiriksə, əlimizi daşın altına qoymalıyıq. Qərbi Azərbaycanın bizim əzəli torpaqlarımız olduğunu yalnız öz ölkəmizdə deyil, xarici ölkələr arasında da bildirməli, o yerlər barədə nə biliriksə, təbliğ etməliyik. Ümid edirik ki, məqsədimizə nail olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə